Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Q Ə S D
\1995-ci il 13-17 mart\

1995-ci ilin mart hadisələri ilə əlaqədar Azərbaycan televiziyasının hazırladığı və martın 17-də efirə getmiş növbəti verilişin mətnini oxuculara təqdim edirik.

APARICI: 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı qəlbində zaman-zaman bəslədiyi azadlıq, istiqlaliyyət arzusuna qovuşdu. Lakin əldə edilmiş müstəqilliyi qoruyub saxlamaq xalqımız üçün o qədər də asan olmadı. Bir tərəfdən, əzəli düşmənimiz olan erməni millətçilərinin Qarabağa təcavüzü, digər tərəfdən isə, xarici dövlətlərin ölkəmizin coğrafi-siyasi mövqeyindən doğan maraqları müstəqilliyimiz üçün çox ciddi təhlükə yaradırdı. Belə bir vaxtda tez-tez dəyişən naşı, milli mənafedən uzaq hakimiyyət dairələri nəinki xaricdən gözlənilən təhlükələri dəf etmək iqtidarında deyildi, ölkə daxilində sağlam ictimai-siyasi ab-hava da yarada bilmirdi. Nəticədə xaricdən gözlənilən təhlükələr unudularaq, daxili çəkişmələr qızışdı, hakimiyyət uğrunda açıq mübarizə başladı.

1991-1993-cü illərin siyasi çəkişmələri müqabilində itirdiklərimiz indi hamımıza məlumdur. Lakin dünya siyasi səhnəsində öz xüsusi mövqeyi ilə seçilən Heydər Əliyev xalqın tələb və təkidi ilə 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıtmasaydı, bu itkilər daha böyük ola bilərdi. Amma xaricdə və ölkə daxilində qruplaşan xain qüvvələr kürsü uğrunda mübarizədən əl çəkmək niyyətində deyildilər.

Qandan-qadadan çəkinməyən, hakimiyyət ehtirasları naminə həmvətənlərinin qanına susayan bu məkrli qüvvələrin qarşısında yeganə sipər Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev qüdrəti idi. Elə buna görə də 1994-cü ilin sentyabrında Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərini daxili dönüklər öz xarici havadarlarının diqtəsi ilə əlverişli məqam bildilər. Dövləti cinayətdə ittiham olunan dörd nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı. Respublika Ali Soveti sədrinin birinci müavini Afiyyəddin Cəlilov və Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov amansızcasına qətlə yetirildilər.

Bu qanlı cinayətlər baş verən zaman Azərbaycanın tarixində ilk dəfə olaraq onun Prezidenti, dövlət başçısı Birləşmiş Millətlər Təşkilatının sessiyasında çıxış edirdi. Bu qanlı terror aktları, onun müəlliflərinin düşündüklərinin əksinə olaraq, Heydər Əliyev qətiyyətini qıra, onu dövlət quruculuğu yolundan yayındıra bilmədi.

Heydər Əliyev vətənə dönəndən sonra da bu qüvvələr dinc oturmadılar. Rövşən və Mahir Cavadov qardaşlarının tabeliyində olan Xüsusi Təyinatlı Polis Dəstəsi təxribatlara əl atdı. Respublika Prokurorluğuna basqın edildi və Baş prokuror fiziki təzyiqlərə, təhqirlərə məruz qaldı.

Cavadov qardaşları dövlət orqanlarını iflic vəziyyətinə salmaq, onları ələ keçirmək iddiasını gizlətmədilər. Dövlətə öz iddialarını ultimativ şəkildə diktə etməyə başladılar. Hadisələri diqqətlə izləyən və tam nəzarətdə saxlayan ölkəmizin başçısı yalnız özünəməxsus səbr və təmkinlə gənc müstəqil dövlətin bu vəziyyətdən qansız-qadasız sovuşması üçün təxirəsalınmaz tədbirlər gördü. Bütün siyasi partiyalarla görüşlər keçirilərək məsləhətləşmə aparıldı. Respublikanın görkəmli ziyalılarının, elm, mədəniyyət xadimlərinin, ağsaqqalların nüfuzu az rol oynamadı. Cavadov qardaşlarının qanlı əməllərini dayandırmaq mümkün oldu. Vəziyyətin belə böyük siyasi məharətlə qırğınsız nizamlanması bir çox xarici və daxili düşmənlərimizi rahat buraxmadı. Yenə təxribatlara, qətllərə, dövlət çevrilişinə cəhdə əl atıldı.

RÜSTƏM MƏMMƏDOV \Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri\: Azərbaycanın işğal edilməsinə, onun diz çökdürülməsinə xaricdən yönəldilmiş səylər respublikanın daxilində özünə dəstək tapırdı. Azərbaycan siyasi meydanda hər hansı bir uğurlu addım atırsa, dərhal həm ölkənin daxilindən, həm də xaricdən qaldırılmış müəyyən problemlərlə, çətinliklərlə üzləşirdi.

Xatirimizdədir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Azərbaycanda siyasi vəziyyət gərginləşdi, qarşıdurma gücləndi, hətta bu, silahlı qarşıdurmaya gətirib çıxardı. O zaman bunun qarşısı alındı. Lakin bir sıra silahlı qruplaşmalar öz niyyətlərindən əl çəkmədilər.

1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd göstərildi. O zaman hər birimiz gərgin anlar yaşadıq. Bu hadisələr hamımızı ciddi narahat edirdi. Bu hadisələri törədən səbəblər, şəxslər və amillər var idi. Bəzi qonşu ölkələrin Azərbaycana pis münasibəti bu amillər içərisində xüsusi yer tutur. Azərbaycanın müstəqilliyinin böyük gələcəyi olduğundan qorxuya düşən və ölkəmizə qarşı pis niyyətdə olan bəzi xarici qüvvələr respublikamızı öz təsir dairəsində saxlamaq istəyirdilər. Onlar Azərbaycanda demokratiyanın, sosial-iqtisadi inkişafın qarşısını almaq üçün respublikamızda bəzi qüvvələrlə birləşdilər, həmrəy oldular.

Hesab edirəm ki, silahlı qarşıdurma hadisələrində iştirak edən adamların, demək olar, çoxu əslində belə siyasətin qurbanı idi. Bu cinayət hadisələrində iştirak edənlərin böyük əksəriyyəti, bəlkə də, hələ indiyədək başa düşməyib ki, onları bu siyasi oyunlara cəlb etmişdilər.

Azərbaycan xalqının dövlətçiliyinin, təhlükəsizliyi və sabitliyinin təminatçısı olan Prezident Heydər Əliyev o zaman çox qəti addımlar atdı. Bu gün də, 10 il, 50 il, 100 il sonra da hamı məhz sabitliyin təmin olunması, vətəndaş müharibəsinin qarşısının alınması istiqamətindəki fəaliyyətinə görə Prezident Heydər Əliyevə minnətdar olacaqdır.

BƏSTİ ƏLƏKBƏROVA (Qazax rayon sakini): Möhtərəm Prezidentimiz cənab Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldi. Bu hakimiyyət dövründə o, böyük işlər gördü. İlk növbədə, müstəqillik əldə etdiyimiz dövrdə olan çəkişmələri aradan qaldırdı və respublikamizda müəyyən sabitlik yarandı. Lakin bu sabitliyi gözü götürməyən düşmən qüvvələrin Azərbaycanın 1994-cü ildə bağladığı neft müqaviləsini də gözləri götürmürdü. Bundan sonra daxildə olan düşmən qüvvələrə bəzi xarici dövlətlərin əli ilə dəstək verildi. Azərbaycanda daxili sabitliyi pozmaq üçün müəyyən göstərişlər verilirdi. Bunun nəticəsi olaraq, 1995-ci ilin mart hadisələri başlandı. Bu hadisələr Qazax rayonunda da baş verdi.

VƏLİ ƏLİYEV (Ağstafa rayon sakini): Güclü hakimiyyətin olması onlara sərf eləmirdi, ona görə xaricdə və daxildə olan havadarların köməyi ilə, Xüsusi Təyinatlı Polis Dəstəsinin timsalında Azərbaycanda mart hadisələri baş verdi. Bu hadisələr 1994-cü il oktyabr hadisələrinin davamı idi. Mart ayının 12-dən 13-nə keçən gecə Xüsusi Təyinatlı Polis Dəstəsinin başçılığı ilə Qazax və Ağstafa rayonlarında dövlətə qarşı cinayət hadisələri baş verdi. Bu hadisələr zamanı Qazaxda icra hakimiyyətinə hücum edildi. Eyni zamanda rayon polis şöbəsi də zəbt olundu. Bundan sonra Ağstafa istiqamətində hərəkət etdilər. Orada da rayon polis şöbəsinə basqın etdilər, nətiçədə bir nəfər polis işçisi- Əjdər Babayev həlak oldu. Biz onu evlərinə aparanda ailə üzvlərinin gözünə baxa bilmirdik.

APARICI: Məlum xarici qüvvələr tərəfindən dəstəklənən Surət Hüseynov və onun əlaltıları 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərdilər. Amma onlar yanılmışdılar. Cənab Heydər Əliyevin bir çağırışı ilə ayağa qalxan xalq surətçiləri bircə gündə süpürüb atdı. Lakin bu, hələ siyasi çəkişmələrin sonu deyildi. Omonçular arasında bir çox bədnam qüvvələr hələ də siyasi səhnədə qalırdı. Onlar xain niyyətlərini həyata keçirmək üçün məqam gözləyirdilər. Həm də bu, təkcə onların yox, ölkəmizin müstəqilliyinə qənim kəsilən daxili və xarici qüvvələrin son, ən qorxulu cəhdi idi.

Strateji Araşdırmalar Mərkəzi adı altında öz qara niyyətlərini pərdələmək istəyən Cavadov qardaşları yeni bir dövlət çevrilişinə cidd-cəhdlə hazırlıq görürdülər.

Xarici və daxili düşmənlər məqsədlərini həyata keçirmək üçün bədnam XTPD qüvvələrindən istifadə etdilər. O vaxt əllərində kifayət qədər hərbi sursat olan omonçular isə onsuz da respublikada qarətçiliklə məşğul olur, reyket kimi ad çıxarmışdılar. Onlar silah gücünə, zor gücünə danışmağın çətinliyini başa düşərək, hərbi müxalifətlə siyasi müxalifətin birliyini, vəhdətini qurmağa çalışdılar. Buna görə də mütəllibovçularla, müsavatçılarla, Azərbaycan Xalq Cəbhəsi ilə gizli sövdələşmələr aparırdılar. Məhz həmin partiyaların dəstəyi və xeyir-duasını alan Cavadov qardaşları yeni bir qanlı cinayət törətməkdən çəkinmədilər.

VALEH VƏLİYEV \Qazax rayon sakini\: 1995-ci ilin mart hadisələrinin kökü çox əvvəllərə gedir. 1993-cü ilə qədər, yəni möhtərəm Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycanda ayrı-ayrı siyasi qüvvələrin, siyasi partiyaların öz vəzifələri var idi. Başıpozuq dəstələrin digər məqsədlərə qulluq etməsinin nəticəsidir ki, Azərbaycanın 20 faizdən çox ərazisi işğal olundu. Özünü bu gün müxalifət adlandıran o vaxtkı AXC-Müsavat cütlüyü hakimiyyətdən qaçdı və Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə gəldi.

Həmin dəstələrin əksəriyyəti Prezidentimizin əməli siyasəti nəticəsində ləğv edildi. Lakin buna baxmayaraq, elə qüvvələr var idi ki, onlar maskalanaraq, guya iqtidarı dəstəkləyirdi. Əslində isə belə deyildi. Onlar məqam gözləyirdilər. Belə dəstələrdən ən böyüyü, sonralar 1995-ci ilin məlum mart hadisələrinə gətirib çıxaran Xüsusi Təyinatlı Polis Dəstəsi idi ki, onların da fikirləri hakimiyyəti devirmək idi.

Omonçular 1995-ci ilin mart hadisələrinədək nə qədər maskalansalar da xalq hiss edirdi ki, onlar hakimiyyəti ələ keçirmək, dövləti parçalamaq, ayrı-ayrılıqda mənfəət götürmək fikrində idilər. Bu hadisələr Qazax rayonundan başladı. Burada olan omoncular o dövrdə nəinki dövlətə xidmət etmirdilər, əslində, onlar reket dəstələrinə çevrilmişdilər. Yəni onlar gizli şəkildə hüquq-mühafizə orqanlarına zorla təsir edərək, qeyri-qanuni olaraq Azərbaycanın sərvətlərini respublikadan kənara çıxarmaqla külli miqdarda vəsait əldə edirdilər.

Bundan əlavə, demək istəyirəm ki, o dövrdə omonçular hətta yetkinlik yaşına çatmamış qızları küçələrdən zorla götürüb qaçırır, təhqir edirdilər və s. Yəni onların əməlləri, hərəkətləri göz qabağında idi. Nəhayət, onlar özlərinə güvənc taparaq dövlətin əleyhinə qalxdılar, nəticədə öz layiqli cəzalarını aldılar.

APARICI: Omonçular AXC-Müsavat cütlüyünün timsalında siyasi söykək yeri, bu partiyalar isə Xüsusi Təyinatlı Polis Dəstəsinin timsalında hərbi güc tapmışdılar. Hadisələrə Moskvadan dirijorluq edənlərdən biri olan Ayaz Mütəllibov isə baş verə biləcək dövlət çevrilişinə xarici ölkələrin himayədarlığını, maddi və hərbi yardımını təmin edəcəkdi. Nə qədər qəribə olsa da, dünənə qədər bir-birini didib-parçalayan, bir-birinin qanına susayan cəbhəçi “bəy”lərlə mütəllibovçuların birləşməsi üçün intensiv görüşlər, danışıqlar aparılırdı.

Bu danışıqlarda Adil Hacıyev mütəllibovçuları, Tofiq Qasımov müsavatçıları, Qafar Abutalıbov cəbhəçiləri təmsil edirdi. Türkiyə vətəndaşı Fərman Dəmirqol bütün qüvvələrin əlaqələndiricisi kimi məsləhət verir, danışıqların haçalanmaması, bir məcraya yönəlməsi üçün onların başına, necə deyərlər, ağıl qoyurdu. Fərman Dəmirqol bu təxribatçı qüvvələrlə Türkiyənin ayrı-ayrı dairələri arasında əlaqə yaratmış və onlara xaricdə istinad nöqtəsi tapmışdı. Hələ 1994-cü ilin payızında hadisələrə nüfuz edə biləcək həmin emissarlar bir neçə dəfə gizli surətdə Azərbaycana gəlmiş, Rövşən Cavadovla və digər təxribatçılarla görüşmüş, məsləhət və göstərişlərini vermişdilər. Məsələnin çox ciddi və məkrli olduğunu nəzərə alan Fərman Dəmirqol ara adamlarından, bu və ya digər qüvvələrin təmsilçilərindən əlavə, həmin hadisələrdə iştirak edəcək siyasi qüvvələrin liderləri ilə görüşüb onların birbaşa özündən razılıq almağı məqbul saydı. Buna görə də o, Kələkiyə gedib Əbülfəz Elçibəylə görüşdü. Ayaz Mütəllibov isə, sadəcə olaraq, qorxusundan Moskvanı tərk edib görüş yerinə gəlmədi.

Dövlət çevrilişinə cəhdin baş planı Strateji Araşdırmalar Mərkəzi deyilən qurumda hazırlanırdı. İlk baxışdan çox təmtəraqlı və müasir səslənən bu ad altında nə qədər məkrli və qorxulu oyunun getdiyini onu yaradanlar - Rövşən Cavadovlar, Fərman Dəmirqollar, Mütəllibovlar, cəbhəçilər, müsavatçılar yaxşı bilirdilər. Mart dövlət çevrilişinə cəhddə iştirak edən qüvvələr arasında kimlər yox idi. Uzun müddət respublikada qarətlə məşğul olan quldur dəstələri, xarici kəşfiyyata işləyən daxili dönüklər, dişində hakimiyyət şirəsi qalan cəbhəçi “bəy”lər, daha kimlər, kimlər. Məqsəd hansı yolla olursa-olsun, hakimiyyəti ələ keçirmək, “Dövlət Şurası” adı altında onu bölüşdürmək idi.

Hadisələr ərəfəsində Tofiq Qasımovun Türkiyənin Bakıdakı o vaxtkı səfiri Altan Karamanoğluna “biz hərbi müxalifətlə siyasi müxalifəti birləşdiririk” fikrini şəstlə söyləməsi hakimiyyət iddiasında olan bu adamların yenə də qana susadıqlarına bir işarə idi. Hadisələrdən sonra istintaq zamanı bu fikri aydınlaşdırmaq məcburiyyətində qalan Tofiq Qasımov ağlını itirdiyini söylədi və dəlixanaya düşdü. Dəlixanada öz yaddaşını qısa vaxtda bərpa edən Tofiq Qasımov hüquq-mühafizə orqanlarının xeyirxahlığı nəticəsində məsuliyyətdən kənarda qaldı. Bu, sonranın işidir. Gəlin, hadisələri qabaqlamayaq.

Rövşən Cavadov 1995-ci il yanvarın əvvəlində Kənan Gürəl və digər həmfikirləri ilə birlikdə Türkiyəyə gedir, oradan axırıncı təlimatlarını alır. Bu cür aramsız danışıqlar, maddi və mənəvi yardımlar təxribatçı qüvvələri daha da həvəsləndirir və azğınlaşdırırdı. Onlar artıq öz istədiklərinə nail olmuş kimi, heç kimlə hesablaşmır, qanunlara məhəl qoymur, talançılıq, quldurluq və qarətlə məşğul olurdular.

Qərb bölgəsində Elçin Əmiraslanovun, Bakıda Cavadov qardaşlarının törətdikləri əməllər çox qorxunc və müdhiş hadisələrdən xəbər verirdi. Bakıda hadisələr sürətlə cərayan edirdi. Şantaj, hədə-qorxu yolu ilə adamların dövlətə inamı sarsıdılırdı. Eyni vaxtda respublikanın ayrı-ayrı bölgələrindən də həyacanlı xəbərlər gəlirdi.

SƏFURƏ RƏHİMOVA (Qazax rayon sakini): Qazax sərhəd rayonu olduğu üçün, üç respublikanın kəsişdiyi yer olduğuna görə onlar bu rayonu seçmişdilər. Bu omonçular tərəfindən qabaqcadan hazırlanmış plan idi. Həmin gecə Qazaxda çevriliş etmək üçün icra hakimiyyətinin binasını, poçtu və polis idarəsini tutmaq istəmişlər. Səhər tezdən mən məktəbə gedəndə eşitdim ki, belə bir hadisə olub. Sonra icra hakimiyyətinin qarşısına gəldim. Gördüm ki, hamı üzü maskalıdır və heç kimi tanımaq mümkün deyil, heç kəsi yaxın buraxmaq istəmirlər.

İcra hakimiyyətinin keçmiş başçısi Nəsib Şahmalıyev saat 3 radələrində iclas keçirdi və dedi ki, Qazax rayonu həmişə ziyalı potensialı yüksək olan rayon olub. Ona görə də istərdim ki, ziyalılardan, ağsaqqallardan ibarət bir qrup gedib omonçularla söhbət aparsın. Bundan sonra bir neçə ağsaqqal və bir neçə qadın “Cavanşir” restoranına getdik. Çünki onlar oraya toplaşırdılar. Biz orada görüşdük və onlarla ana kimi, müəllim kimi, ziyalı kimi geniş söhbətimiz oldu. Uzun sürən söhbətdən sonra biz anladıq ki, bu hadisələr onlarlıq deyil.

Onlara xarici ölkələrdən havadarlıq edənlərin, onları başa salanların, vəd verənlərin olduğuna əmin olduq. Cavadov qardaşları, Surət Hüseynov və Ayaz Mütəllibov kimiləri onlara vədlər vermişdilər ki, siz bu çevrilişi törədin, biz hakimiyyətə gələk və müəyyən kürsülərə sahib olaq. Sərhəd rayonu olduğuna görə bu hadisələrin Qazaxdan başlaması əvvəlcədən planlaşdırılmışdı, belə bir yer seçmişdilər.

APARICI: Çevrilişə cəhd Qazaxdan başladı. Bu da təsadüfi deyildi. Çünki o bölgədə Xüsusi Təyinatlı Polis Dəstəsinin Elçin Əmiraslanovun başçılıq etdiyi ən quldur qanadı yerləşmişdi. Elçin kimi ağıldan dayaz, qara niyyətli bir quldurbaşına kiçik bir işarə kifayət idi. Hadisələrin sonrası, əslində, respublika əhalisinə yaxşı məlumdur.

Elçin Əmiraslanov silahlı dəstə ilə Qazax rayonunda İcra hakimiyyətini, polis şöbəsini və digər mühüm dövlət obyektlərini zəbt edir, hərbi hissədən silah, texnika ələ keçirərək, çinayət əməllərini Ağstafa və digər rayonlala yönəldir.

SEVİL RZAYEVA (Ağstafa rayonu, rabitəçi): Biz qızlarla növbədə idik, səhər saat 4-ə yaxın atəş səsləri gəldi. Atəş eşidəndə biz fikirləşdik ki, bu nə səslərdir. O vaxtlar omonçular barədə söhbətlər gəzirdi. Bizə birbaşa zəng edib bölgədə nə baş verdiyini soruşurdular. Vəziyyəti öyrənmək üçün Qazaxa zəng edəndə oranın telefonçuları artıq cavab vermirdilər, rabitə qoyşağını onlar artıq zəbt etmişdilər.

Sonra Ağstafanın icra başçısı Cavanşir Abbasovla rabitə əlaqəsi istədilər. Biz ona zəng edib dedik ki, sizi Bakıdan istəyirlər. Biz onu Bakı ilə calaşdıranda ona bu hadisə barədə məlumat verdilər. Sonra dedilər ki, rayonda baş verən hadisələr barədə tez-tez Bakıya məlumat versin. Aradan 5 dəqiqə keçmiş kassanın pəncərəsi döyüldü. Mən icra hakimiyyəti başçısına dedim ki, deyəsən omonçular poçta gəliblər. Dedi ki, elə şey ola bilməz.

Pəncərəni döyənlər bizə dedilər ki, qapını açın, içəri daxil olmaq istəyirik. Mən dedim ki, olmaz, gecə vaxtı sizin burada nə işiniz var. Biz qapını açmadıq. Sonradan onlar başlarında maska, əli silahlı kassanın pəncərəsindən içəri daxil oldular. Bizə çölə çıxmağı əmr etdilər. Biz növbədə olduğumuzu bildirdik və bayıra çıxmaqdan imtina etdik. Çöldə çox soyuq olduğunu bildirərək xahiş etdik ki, içəridə qalaq. Bir azdan sonra biz dedik ki, icazə verin sifarişlərə cavab verək. Çünki hamı narahat idi və bizdən bir məlumat gözləyirdilər. Onlar icazə vermədilər. Onda biz dedik ki, axı, ailəmiz də nigarandır, heç olmasa, onlara cavab verək. Razı oldular, ancaq bildirdilər ki, artıq heç bir söz deməyin. Biz xəttə qoşulduq və bir neçə yerə, o cümlədən Prezident Aparatına onların neçə nəfər olduğu və baş verənlər haqqında məlumat verdik.

Səhərə yaxın Gülağa müəllimə zəng etdim və bildirdim ki, omonçular poçtu zəbt ediblər. O, bunu niyə gec dediyimi soruşanda, dedim ki, imkan yox idi. O dedi ki, on dəqiqəyə orada olacağam. Gülağa müəllim poçta gələndə onu içəri buraxmırdılar. O dedi ki, mən işçilərimlə birlikdə olmalıyam. Bundan sonra onu içəri buraxdılar. Öz otağına keçəndən sonra biz baş verənlər haqqında onu məlumatlandırdıq. O da öz növbəsində hamısını birbaşa Bakıya çatdırdı. Konkret olaraq bizim rabitəmizi onlar dayandıra bilmədilər. Biz gizli olaraq bütün məlumatları çatdırırdıq.

TAHİR QULİYEV (Ağstafa, polis polkovnik-leytenantı): 1995-ci il mart ayının 12-dən 13-nə keçən gecə Qazax bölgəsində fəaliyyət göstərən OMON adlanan həmin qurum dövlətimizə zərbə vurmaq istəyən şəxslərin fitnə-fəsadı ilə Qazax və Ağstafa rayonlarına hücum etdi. Gecə saat 4 radələrində 707 nömrəli hərbi hissənin omonçulara rəğbət bəsləyən zabitlərini və hərbi texnika götürüb Ağstafa rayonu istiqamətində hərəkət etməyə başladılar. Saat 5 radələrində onlar Ağstafa rayonuna daxil oldular və polis şöbəsinə hücum etdilər. O vaxt mən də Ağstafa rayon polis şöbəsində işləyirdim. Həmin gecə Daxili İşlər Nazirliyinin göstərişi ilə biz şöbənin əməliyyat qrupunu gücləndirmişdik. Bizim müəyyən məlumatlarımız var idi.

Həmin gecə Səməd Vurğunun heykəli yanından tanklarla, iriçaplı pulemyotlarla polis şöbəsinə hücuma keçdilər. Ağstafa rayon polis şöbəsinin əməkdaşları onlara layiqli cavab verdilər. Quldur dəstəsinin iki üzvü öldürüldü. Buna baxmayaraq, qüvvələr qeyri-bərabər olduğundan onlar növbətçi hissəni ələ keçirməyə müvəffəq oldular. Orada da onlara ciddi müqavimət göstərilmişdi. Şöbənin məsul növbətçisinin köməkçisi, polis serjantı Babayev Əjdər həmin cinayətkarlar tərəfindən qətlə yetirildi. Onun öz xidməti vəzifəsini layiqincə yerinə yetirməsi respublika Prezidenti tərəfindən yüksək qiymətləndirildi və o, ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü. Bu gün də Ağstafa rayon polis şöbəsinin əməkdaşları Babayev Əjdər Xalıqverdi oğlunu öz sıralarında hiss edirlər. Onun və digər 4 nəfər həlak olmuş polis əməkdaşlarının ailələrinə yardım göstərilir. Daxili işlər naziri Ramil Usubov Babayev Əjdərin oğlunu polis sıralarına qəbul edibdir. Hazırda o, Tovuz rayon polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır, atasının yolunu davam etdirir.

1995-ci ilin mart hadisələri yeni qurulmuş dövlətçiliyimizə qəsd idi. Bunu bütün Azərbaycan xalqı kimi, Ağstafa camaatı da təsdiq edir. Düşmən qüvvələr Azərbaycanın gələcəyinə zərbə vurmaq fikrində idilər. Lakin layiqli cavablarını aldılar.

XANQULU SÜLEYMANOV (Qazax rayon sakini): Mart ayının 15-də məni icra hakimiyyəti aparatına çağırdılar. Mən gələndə gördüm ki, camaat icra hakimiyyətinin qarşısına yığılıbdır. Omonçular başlarına maska keçirmişdilər ki, camaat onları tanımasın. Mən onlara yaxınlaşıb dedim ki, siz camaatı qorxutmayın, əgər bacarığınız varsa, bizə təcavüz edən erməni qəsbkarları ilə mübarizə aparın. Biz çox çalışdıq ki, onları öz fikirlərindən daşındıraq. Lakin onlar buna heç bir məhəl qoymurdular. Aydın məsələ idi ki, bunların hamısını Cavadov qardaşları təşkil eləmişdilər. Bir halda ki, onlar öz şəxsi mənafeləri üçün çalışırdılar, onlardan omonçu olmazdı, bu ad onlara yaraşmırdı. Çünki bu, xüsusi təyinatlı polis dəstəsi idi və onlara dövlətçiliyimizi qorumaq tapşırılmışdı. Onlar isə dövlətçiliyə qəsd etdilər.

APARICI: Omonçular Qazaxda törətdikləri cinayətlərdən sonra Tovuz rayonu istiqamətində hərəkət etdilər. Silah gücünə əhalini qorxudaraq, Bakıda hakimiyyətin devrildiyini söyləyən omonçular inzibati binaları tutur, yerli hakimiyyət nümayəndələrini iş yerlərinə buraxmırdılar.

Rövşən və Mahir Cavadovların tapşırıqlarını canla-başla yerinə yetirən omonçular Ağstafa rayonunda xüsusilə ağır cinayətlər törətdilər. Rayon polis şöbəsinə basqın nəticəsində 27 döyüş, 25 təlim avtomatı, 50 tapança, 1 pulemyot, 2 qumbaraatan və digər döyüş sursatı ələ keçirdilər. 27 dustağı müvəqqəti saxlama təcridxanasından buraxdılar. Bir nəfər polis əməkdaşını qətlə yetirdilər. Rayon rabitə şöbəsi ələ keçirildi.

CƏMALƏDDİN HACIYEV \Qazax rayon sakini\: Biz gecə atəş səsi eşitdik. Demək olar ki, Qazax ayağa qalxmışdı. Böyükdən kiçiyə qədər hamı bu hadisənin şahidi idi. Gecə ikən rabitə şöbəsini partlatdılar. Mənim evim poçtun yanındadır. Mən ağsaqqal, veteran kimi icra hakimiyyətinin binası qarşısına gəldim. İki saat keçmişdi ki, onlar buradan getdilər. Sonra öyrəndik ki, onlar ələ keçirdikləri maşınlarla “Cavanşir” restoranına tərəf gediblər.

APARICI: Bölgənin ətraf rayonlarını qorxu içərisində saxlamaq istəyən vətən xainləri sonradan Tovuz rayonu istiqamətində hərəkət edərkən burada ciddi müqavimətə rast gəldikləri üçün müvəqqəti olaraq “Cavanşir” restoranını özlərinə qərargah seçdilər.

FAZİL ƏLİYEV (Qazax rayon sakini): Bu, həqiqətən Azərbaycan dövlətçiliyinə, milli müstəqilliyimizə qarşı törədilmiş, hansısa qüvvələrin əli ilə hazırlanmış qəsd idi. Bunu danmaq tariximizdə müəyyən səhvə yol vermək deməkdir.

APARICI: Qazax, Ağstafa və digər rayonlardakı gərginlik Bakıya da sirayət etmişdi. Cavadov qardaşları Bakının 8-ci Kilometr qəsəbəsində açıq-aşkar dövlət çevrilişinə cəhd etdilər. Onlar qürrələnərək, Azərbaycanın hər yerində çoxlu qüvvələri olduğunu söyləyir, hakimiyyət orqanlarına hədə-qorxu, ultimatum göndərirdilər. Omonçular artıq Qazaxda, Ağstafada qan tökmüşdülər. Ölkə Prezidenti vətəndaş müharibəsinə yol verməmək üçün müdrik addımlar atdı. Dövlətimizin rəhbəri bütün mümkün variantlardan istifadə etdi ki, qan tökülməsin. Yolunu azmış, gözünü hakimiyyət hərisliyi örtmüş, qanla oynayan bu təxribatçı qüvvələrə dəfələrlə müraciət etdi. Ağsaqqalları, anaları, ziyalıları onlarla danışığa göndərdi.

Amma Cavadov qardaşları üzdəniraq həmfikirlərinin diktəsi ilə ipə-sapa yatmadılar. Respublika Prezidenti siyasi partiyalara müraciət etdi. Gənc müstəqil, suveren Azərbaycanı parçalamamaq, onu yeni faciələrə düçar etməmək üçün onları bu hadisələrdə obyektiv, prinsipial mövqe tutmağa çağırdı. Ancaq onlar bu çağırışa səs vermədilər.

Bu gün demokratiyadan, haqq-ədalətdən dəm vuran bəzi siyasətbazlar məqam gözlədilər ki, iqtidar sarsılıb yıxılsın, bəlkə onlara da bir pay düşə.

ELDAR HACIYEV (dosent): Təəssüf ki, içərimizdə olan, xalqın adından danışmağa öyrəşən bir çox partiyalar, əslində, xalqa zidd mövqe tutduqlarını mart hadisələrində əyani şəkildə hamıya sübut etdilər. Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin, Müsavat partiyası liderlərinin gizli danışıqlarını necə başa düşmək olar? Görünür, bəzi adamlar Azərbaycanda daxili sabitliyin pozulmasında maraqlıdırlar. Onlar belə hadisələrdən özləri üçün xal toplamaq istəyirlər, hakimiyyətə gəlməyin qısa yolunu bunda görürlər.

Biz gərək mart hadisələrini unutmayaq. Həmin partiyaların liderlərinin yalançı vədlərinə inanmayaq, onların dalınca getməyək. Bilirsiniz, bu adamları, belə “siyasətçiləri” xalq qəbul etmir. Onlar ətrafına siyasi əqidəsi olmayan, Azərbaycan dövlətçiliyini hələ də düzgün başa düşməyən, yetişməmiş bəzi adamları toplaya bilərlər. Amma xalqını, dövlətini sevən, onun gələcəyinə inanan heç kəs nə Tofiq Qasımovun, nə İsa Qəmbərin, nə də digər yalançı liderlərin ardınca getməyəcəkdir.

APARICI: 1995-ci ilin mart hadisələri özünün bütün parametrləri ilə dövləti cinayət, gənc müstəqil Azərbaycana arxadan vurulan zərbə idi. Milli dönüklər xarici düşmənlərlə birləşərək, Azərbaycanın müstəqilliyini yenidən təhlükə altına almışdılar. Yaxşı silahlanmış omonçular ön cəbhədən geri çağırılaraq bir hissəsi Bakıya gətirilmişdi, digər qrupu isə ölkənin qərb bölgəsində silah gücünə hakimiyyəti ələ almağa cəhd göstərirdi.

Bu çirkin, qorxunc oyunda ən dəhşətli məqam dövlət orqanlarında işləyən bəzi üzdəniraq adamların və özünü müxalifət adlandıran avantürist qüvvələrin onlara dəstək verməsi idi. O dövrdə bir sıra siyasi partiyalar, o cümlədən AXC-Müsavat cütlüyü Rövşən və Mahir Cavadovların silahlı dəstələrini açıq şəkildə himayə edirdi. Digər partiyalar isə aydın mövqe bildirməsələr də, gizlində sövdələşmələr aparırdı. Təkcə bir faktı demək kifayətdir ki, 17 martda ölkə başçısının qəti addımlar atmasına qədər əksər siyasi partiyalar Cavadov qardaşlarının özbaşınalıqlarına qarşı çıxış etmədi. Bu isə bir daha onu sübut edir ki, mart hadisələri təsadüfi deyildi, daxili və xarici xəyanətkarların uzun müddət cızdığı bir ssenari idi.

Hadisələr getdikcə daha təhlükəli xarakter alırdı. Martın 15-də Rövşən və Mahir Cavadov qardaşları cinayət əməllərini Bakının Nizami rayonunda davam etdirdilər. Silahlı quldurların rayon polis idarəsinə basqını adamlarda qorxu, vahimə yaratdı. Rayonun polis əməkdaşları basqınçıları cəsarətlə geri oturtdu.

SAHİB MİRZƏYEV (Nizami Rayon Polis İdarəsinin rəisi): İnanın ki, həmin dövrdə vətəndaşlar saat 7-dən sonra küçəyə çıxmırdılar, qorxurdular, hamı narahat yaşayırdı. Bu vəziyyət möhtərəm Prezidentimizi də narahat edirdi. Onların hərəkətləri barədə bizə müntəzəm məlumatlar daxil olurdu. Bizim onlarla mütəmadi qarşıdurmalarımız olurdu, vətəndaşların hüquqlarının tapdalanması ilə əlaqədar onlarla üz-üzə gəlirdik. Tutmaq istədiklərimizi isə onlar aparıb XTPD-nin binasının həyətində gizlədirdilər. Rövşən Cavadov onları bizə vermirdi.

Martın 13-ü idi. Hörmətli nazirimiz hamımıza həyəcan siqnalı verdi ki, omonçular Qazaxda, Ağstafada dövlət çevrilişinə cəhd ediblər, orada dövlət orqanlarının binalarını ələ keçiriblər. Nazirimiz martın 14-də əmr verdi ki, bu qurum ləğv edilib, bütün omonçular silahlarını təhvil versinlər və onlar polis orqanlarında yerləşdiriləcəkdir. Bu əmrin verilməsinə baxmayaraq, onlar bunu yerinə yetirmədilər. Sərxoş vəziyyətdə maşınlara minib rayonun ərazisində müxtəlif növ cinayətlər edirdilər. Biz onlardan bir neçəsini tutub tərksilah etdik.

1995-ci il martın 15-də saat 5-6 arasında, öz xidməti vəzifəmizi yerinə yetirən zaman gözləyirdik ki, onlar bizə hücum edəcəklər. Belə məlumatımız var idi. Eyni zamanda, məlumat var idi ki, onlar parlamentə, Prezident Aparatına, Teleşirkətə, Daxili İşlər Nazirliyinə və digər yerlərə hücum edib ələ keçirmək istəyirlər. Ona görə də biz rayonun çıxışlarında polis postları qoymuşduq, mühafizəni gücləndirmişdik. Saat 5-6 arasında onlar qəflətən bizə hücuma keçdilər.

Onlar bütün növ silahlarla silahlanmışdılar. Bunu hamı bilir, onlarda hər cür silahlar var idi və istifadə edirdilər. Binanı hər tərəfdən atəşə tutmuşdular. Onlar Qazaxda, Ağstafada və başqa yerlərdə polis şöbələrini tərksilah etmişdilər, elə başa düşürdülər ki, Nizami rayonunun polisini də tərksilah edə biləcəklər. Lakin belə olmadı. Biz onlara atəşlə cavab verdik. Təxminən yarım saatdan çox atışma getdi. Biz binanın qarşısından onları geri oturtduq. Sonra göstəriş verdim ki, atəş açmasınlar. Çünki günahsız vətəndaşlar yaralana, ölə bilərdi. Bu atışma zamanı bir nəfər omonçu öldü, bir nəfər yaralandı, iki nəfər də bizim polis əməkdaşı yaralandı.

Bundan sonra onlar yenidən öz yerlərinə çəkildilər və orada gecə-gündüz hazırlıq görməyə başladılar. Onlar dövlət çevrilişinə cəhd göstərsələr də, xalqımızın, millətimizin müdrik Prezidentimizi müdafiə etməsindən qorxub öz yerlərində oturdular. Bunun qarşısını o dövrdə polis almadı. Bunun qarşısını ancaq vətəndaşlar, xalq, millət, Prezidentə olan məhəbbət aldı.

APARICI: Hadisələri diqqətlə izləyən dövlətimizin başçısı bütün mümkün variantlardan istifadə etdi ki, qan tökülməsin. Martın 15-də ölkəmizin rəhbəri televiziya ilə xalqa, bütün analara, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə, onların valideynlərinə, qohumlarına müraciət etdi, dövlətçiliyimizin və müstəqilliyimizin əleyhinə yönəldilmiş bu qəsdin əsl mahiyyətini açıb göstərdi, təsir altına düşmüş adamları düzgün yola qayıtmağa çağırdı, onların təhlükəsizliyinə dövlət tərəfindən təminat veriləcəyini vəd etdi.

Azərbaycan Prezidenti Heydər ƏLİYEVİN 1995-ci il martin 15-də televiziya və radio ilə xalqa müraciətindən: ... Şübhəsiz ki, nə qədər qan tökülübsə, nə qədər cinayət ediblərsə də, mən bu gərginliyin davam etməsinin tərəfdarı deyiləm. Əksinə, mən tələb edirəm ki, onlar bu cinayət əməllərindən əl çəksinlər...

... Mən hər bir vətəndaşın hüququnun keşiyindəyəm və hər bir vətəndaşa qayğı göstərməliyəm. Xalq mənə etimad göstərdiyinə görə mən bu vəzifəni öhdəmə götürmüşəm. Bu, mənim borcumdur və bu borcu yerinə yetirmək üçün mən hər şeyə gedirəm. Ona görə də əgər bu gün də onlar çirkin əməllərindən əl çəksələr, silahları yerə qoysalar, şübhəsiz ki, cinayətkarların bir qismini bağışlayacağam. Bunları da bağışlayacağam. Yəni mən, - baxmayaraq ki, çox kəskin vəziyyət yaranıb, ictimaiyyət Rövşən Cavadova və onun ətrafında olan o quldurlara çox nifrət edir, – yenə də bu addımı atıram.

8-ci Kilometr böyük bir qəsəbədir. Orada yüz minlərlə adam yaşayır. Mənə məlumdur ki, o ətrafda yaşayan adamlar XTPD-də olan cinayətkarların əlindən boğaza yığılıblar, onlara nifrət edirlər, qorxu altında yaşayırlar. Bu gün mənə deyirlər ki, quldurlar oradan çıxıblar, polis idarəsinə basqın ediblər. Bir mağazadan zorla şey götürürlər, gəlib bir adamın əlindən zorla şey alırlar. Buna kim dözər? Əhmədli qəsəbəsində də yüz minlərlə adam yaşayır, onlar da bu cinayətkarların əlindən boğaza yığılıblar.

İndi nə edək? Demək, bir dəstədən ötrü yüz minlərlə adamın hüquqlarını tapdalayaq? Bir qrup cinayətkardan ötrü bütün qalanların hüquqlarını tapdalayaq? Buna hansı qanun yol verir? Allah da, qanun da, vicdan da buna yol verməz.

Mahir Cavadov oktyabrın əvvəlində cinayət edib, prokuror kimi işdən çıxarılıb, gecə-gündüz eyş-işrət içindədir. Mənə deyiblər ki, onun evinin qarşısında XTPD-nin 25-30 nəfər silahlı adamı durur. Nə üçün? Hara gedirsə, 25-30 nəfər onu müşayiət edir. Nədən ötrü, kimdir o? XTPD dövlət orqanında olan bir dəstədir. Nə üçün o, Mahir Cavadova xidmət etməli, onu qorumalıdır? Nə üçün Mahir Cavadovun arxasınca bu qədər adam gəzməlidir? Rövşən Cavadovun arxasınca 15 nəfər mühafizəçi gəzir. Nazirin cəmi iki mühafizəçisi var. Burada, Bakıda iki milyondan artıq adam yaşayır. Məgər onlar insan deyilmi? Onları ana doğmayıbmı? Onlar Azərbaycan vətəndaşı deyilmi?

Onları kim mühafizə edir? Hansı əsasa, nə əsasa, nə hüquqa görə Mahir Cavadov cəmiyyətdə belə bir yer tutsun, istədiyini etsin? Nə üçün bu XTPD dəstəsi iki qardaşın əlində olsun, nə üçün onlara xidmət etsin?..

8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə - Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm: bu əməlinizdən, cinayətkar niyyətlərinizdən əl çəkin, bu yoldan çəkinin, düz yolda deyilsiniz. Tökdüyünüz qanlar, etdiyiniz cinayətlər bəsdir! Təklif etdirəm, kim mənim bu çağırışıma səs verirsə, oradan çıxsın və o, cəmiyyətdə də, Daxili İşlər Nazirliyində də öz yerini alacaqdır.

Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm: bu cinayət əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətlik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var.

Mən dəfələrlə demişəm, bu gün, gərginlik yaranan vaxtda bir daha deyirəm: Azərbaycanın dövlətçiliyini son damla qanımadək qoruyacağam və Azərbaycanın dövlətçiliyinə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəyəm. Bunu bilmək lazımdır. Ancaq mən heç kimi cəzalandırmaq istəmirəm. İstəyirəm ki, heç kim cinayət törətməsin, heç kim dövlətçiliyə xəyanət etməsin. Bunu istəyirəm, müraciət edirəm, yol göstərirəm. Yol da dediyim yoldur, başqa yol yoxdur...

APARICI: Martın 16-da isə ölkəmizin başçısı silahı yerə qoyan omonçular barədə əfv haqqında Fərman imzaladı. Bu, tarixdə görünməmiş humanist bir addım idi. Amma təəssüf ki, qarşı tərəf bunu qiymətləndirə bilmədi, əksinə, dövlətçilik əleyhinə yeni-yeni bəyanatlarla çıxış etdi.

İLAHƏ KAZIMOVA (Bakı şəhərindəki 277 nömrəli məktəbin direktoru): Xüsusi Təyinatlı Polis Dəstəsi məktəbimizin yaxınlığında qərargah yaradandan sonra şagirdlərimizin valideynləri narahat olurdular. Bu da təbiidir, çünki məktəbimizin ətrafı hər gün silahlı adamlarla dolu olurdu.

Martın 16-da XTPD-nin üzvlərindən bir neçə silahlı adam məktəbimizə gəldi. Biz uşaqları arxa qapıdan evə yola saldıq ki, onlar bu vəziyyəti görməsinlər. Xahiş etdik ki, sabah dərsə gəlməsinlər. Omonçular məktəbin damına çıxdılar, otaqların qapılarını özləri açıb zəbt etmişdilər, özləri üçün yer düzəltmişdilər. Otaqları bərbad günə salmışdılar. İndiyə qədər də direktorun kabinetində güllə izləri qalıbdır. Kabinetə daxil olan insan o izləri görür və həmin dövrü yadına salır.

APARICI: Bəxtiyar Cavadov oğlanlarının tarix və millət qarşısında törətdiyi cinayətin ağırlığını, dəhşətini dərk edərək, martın 16-da oğlu Rövşənə məktub yazır. Bu məktub təkcə baş verən hadisələrdən, qanlı cinayətlərdən çəkindirmək üçün bir ata məsləhəti deyildi, həm də hadisələrin qızışdırılmasında, yeni təxribatların törədilməsində çox iyrənc rol oynayan ayrı-ayrı adamların fitnə-fəsadı barədə xəbərdarlıq idi.

Məktubda deyilir: “Məktub yazmaqda məqsədim nədir? Atalar çox doğru deyiblər – “Ziyanın yarısından qayıtmaq da qazancdır”. Bu günə kimi sənə edilən nəsihətlər təsir göstərməyib. Fərman bəylər, Tofiq bəylər kimi adamlar öz şəxsi məqsədləri üçün səni doğru olmayan, təhlükəli yola təhrik edirlər. Belə vəziyyət haqqında olmazın şayiələrə, böhtanlara, səhv rəylərə səbəb olmuşdur. Mənim məsləhətim:

1. OMON-da olan uşaqların hər birinin həyatını mühafizə etməli. Onların qan tökməsinə və onların qanının tökülməsinə heç bir zaman yol vermək olmaz. Belə bir qəbahəti tarix və Azərbaycan xalqı unuda bilməz.

2. Dövlət xətti ilə tələbləri yerinə yetirib bütün silahları təcili, elə bu gün təhvil verməli. Kim iş tələb edirsə, nazirliyə ərizə ilə təcili müraciət etsin.

3. Bu gün mütləq sən OMON-dan çıx. Sənin orada da, bütünlükdə Daxili İşlər Nazirliyi sistemində fəaliyyət göstərməyə haqqın yoxdur. Uşaqlardan arxayın ol. Zemfira da bizdədir. Tarixi şəraiti özün düzgün düşüncə ilə təhlil elə. Heç bir ziyalı ilə əlaqə saxlayıb onların məsləhətini eşitmə. Jurnalistlərlə olan söhbətlərə son qoy. Təkcə özünü düşünmə, bütün qohum-əqrabanı, bizi və bütün el-obanı düşün. Onsuz da fəlakətlə üz-üzə dayanmışıq. Bütün hamımızın taleyi sizdən asılıdır.

Atan Bəxtiyar Cavadov

16 mart 1995-ci il,

Bakı şəhəri”.

Rövşən Cavadov ata məsləhətini, ağsaqqal öyüd-nəsihətini də eşitmədi. Bu, onun təkcə bir oğul kimi yox, həm də vətəndaş kimi faciəsi idi. Məktubda adı göstərilən Tofiq Qasımovların, Fərman Dəmirqolların, oradan-buradan tez-tez ona baş çəkib hərəkətlərini tərifləyən üzdəniraq “jurnalist”lərin avantürasına uyan Rövşən Cavadovun aqibəti başqa cür ola bilməzdi.

Mart ayının 16-dan sonra isə quduzlaşmış omonçular qərargahlarından çıxıb dövlət orqanlarına hücum edir, şəhərdə özbaşınalıq yaratmağa çalışırdılar. Amma bunların qarşısı qətiyyətlə alındı.

ZİVƏR HÜSEYNOVA: Gecə saat 2-3 olardı. Yaşadığımız binanı gülləyə tutdular. Yatmışdıq. Bilmirdik ki, belə bir hadisə baş verəcək. Oğlum Kamil Hüseynova güllə dəydi. Bacısı Nazilə də yanında idi. Qızımın da ayağına güllə dəydi. Oğlum onu qucağına alıb bir tərəfə qoydu. Aşağı düşdü ki, təcili yardım çağırsın, qızıma kömək etsinlər. Aşağı düşən kimi onun çənəsindən güllə ilə vurdular.

LALƏZAR PƏNAHOVA: Biz inanmırdıq ki, sabaha sağ çıxacağıq. Bizi elə atəşə tutmuşdular ki, ümidimizi itirmişdik. Evimizə girdilər, mənə güllə dəydi. Yoldaşım tez köməyə gəldi. Onlar ev-eşiyimizi darmadağın etmişdilər.

SALMAN QASIMOV: Gecə saat 12 radələrində omonçular gəlib bizim binanın damına çıxdılar. Möhkəm yağış yağırdı. Sonra atəş başlandı. Evlərin şüşələri qırıldı, bir neçə nəfər həlak oldu, yaralandı. Ondan sonra atəş kəsildi.

Mən ikinci mərtəbədə yaşayıram. Gördüm ki, bir nəfər qapımı möhkəm döyür. Dedim, ay bala, nə istəyirsən, qapını niyə qırırsan? Dedi ki, dayı, aç qapını, evin pəncərəsindən atəş açacağam. Dedim ki, axı düşmənin kimdir, kimə atəş açacaqsan? Qapını açmayacağam.

Onlar neçə gün əvvəl bağlarda dururdular. Sonra gəlib dama çıxdılar. Atışma gecə olacaqdı. Onlardan biri leytenant idi. Dedim, sizi bir dəqiqə olarmı? Dedi, eşidirəm. Dedim, bu nə işdir, hara çıxırsınız, nə edirsiniz? O, mənə cavab verdi ki, öldü var, döndü yoxdur.

ZƏHRA ƏLİYEVA: Biz bayrama hazırlaşırdıq. Birdən qəflətən gördük ki, omonçular evin üstündə gəzirlər. Əllərində nəsə var idi. Həmin gecə çox böyük bədbəxt hadisə baş verdi. Evimizə 33 güllə girmişdi. Gecə saat birin yarısı olardı. Güllələrin biri mənə dəydi. Mən yaralananda heç kəsə bildirmədim. Hesab etdim ki, yağış kimi yağan güllələr övladlarıma da dəyə bilər, onları itirə bilərəm. Mənə güllə dəydiyini səhərə yaxın bildilər. Sonra gəlib qapımızı döydülər ki, “biz, Milli Ordunun əsgərləriyik, əgər yaralı varsa, çıxsın. Mən çıxdım və onlar məni xəstəxanaya apardılar. Lakin həmin gülləni çıxara bilmədilər. Hələ də güllə bədənimdədir.

Çox təəssüflənirəm ki, omonçular hörmətli Prezidentimizin sözünə baxmadılar. Möhtərəm Prezidentimiz dedi ki, silahları yerə qoyun, təhvil verin, öz xalqınıza güllə atmayın, vətəninizə sadiq qalın. Lakin həmin gecə bax, belə bir hadisə baş verdi.

LƏTİFƏ HACIYEVA \Nizami rayon sakini\: Bu hadisələr o vaxt olduqca çox çətin idi. Çünki biz bunun canlı şahidiyik. Bu da bir tarixdir. Həmin gün axşam saat 3 radələrində atışma başladı. Bizim mənzilə də güllələr dəydi. Divarda asılmış çilçırağın lampalarını sındırdı. Birinci növbədə biz hamımız iş yerimizi düşündük. Səhər açılan kimi biz məktəbə gəldik, bu, Nizami rayonu ərazisində yerləşən 109 nömrəli məktəbdir. Biz məktəbin bərbad hala salındığını gördük. İkinci mərtəbəyə çıxan pilləkənin altında qan gölməçələri var idi. Foyedə pulemyot qoyulmuşdu, yanında bir yeşik patron var idi. Sonradan biz pulemyotu və patronları təhvil verdik. İkinci və üçüncü mərtəbələrdə çoxlu əsgər paltarları atılmışdı, əksəriyyətində qan ləkələri var idi. Həmin hadisəni törədənlərə nifrət edirik. Kim tərəfindən təşkil olunubsa, onlara heç cür haqq qazandırmaq olmaz.

İLAHƏ KAZIMOVA: Məktəbdə dərslər gedirdi. Hərbi formada bir neçə nəfər silahla məktəbə daxil oldu və xahiş etdilər ki, şagirdlər məktəbi tərk etsinlər. Bunun nə ilə əlaqədar olduğunu soruşanda, bildirdilər ki, buranı özləri üçün dayaq yeri seçiblər. Onlar məktəbin yaxınlığında yerləşən XTPD dəstəsinin üzvləri idilər. Müəllimlər onlara müraciət etdilər ki, silahla məktəbə daxil olmaq olmaz. Dedilər ki, yox, siz məktəbi tərk etməlisiniz. Biz də şagirdləri arxa qapıdan yola saldıq ki, ölüm-itim olmasın. Onlar silahları məktəbin damına çıxartdılar. Dəfələrlə müəllimlər onlara müraciət edərək dövlətin bir başçısı olduğunu, onların Prezidentə tabe olduqlarını bildirdilər və silahı yerə qoyub bu yoldan çəkinməyi məsləhət gördülər. Lakin onlar qulaq asmırdılar. İndiyə qədər kabinetimdə güllə izləri var. Mən o günləri belə xatırlayıram və hesab edirəm ki, məktəbi özünə dayaq yeri seçən insanlara azərbaycanlı demək olmaz.

(Materialın davamı qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib