CƏMİYYƏT
Qadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxsin tutulması üçün axtarış tədbirləri həyata keçirilir
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Arzu Ağalarovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat verilib.
Sabunçu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla Tahir Əlyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Arzu Ağalarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Tahir Əliyevin tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.