CƏMİYYƏT
Qanlı Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biridir
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verilib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğu xüsusi vurğulanıb.
Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün və böyük bir prosesin başlanğıcında əsaslı dönüş nöqtəsi idi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə millətindən, yaşından və cinsindən asılı olmayaraq, günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib. Faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi.
1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra Ümummilli Liderin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verili, Milli Məclis həmin tarixi Ümumxalq Hüzn Günü elan edib.
Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.