CƏMİYYƏT
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə nəzarət tədbirləri davam edir
Bakı, 10 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçə və yol kənarlarında qanunsuz ət satışı məqsədilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları ilə birlikdə paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib.
Reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulan inzibati tədbirlər görülüb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları sökülüb.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olanları qanunvericiliyin tələblərinə əməl etməyə, qanunsuz fəaliyyət göstərməməyə çağırır və sahibkarlara müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyi tövsiyə edir.