MƏDƏNİYYƏT
Qara Qarayevin əsərləri Fransanın “Mezzo” musiqi kanalında səsləndiriləcək VİDEO
Paris, 6 fevral, AZƏRTAC
Fransanın “Mezzo” klassik musiqi televiziya kanalında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş film yayımlanıb. Film Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə çəkilib.
AZƏRTAC xəbər verir ki, Qara Qarayevin anadan olmasının 100 illiyi çərçivəsində yayımlanan filmdə Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Evyan şəhərində çəkilmiş bu filmdə Qara Qarayevin musiqisi beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb.
Qeyd edək ki, Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə “Mezzo” televiziya kanalında fevral, mart və aprel ayları ərzində onun musiqisinə həsr edilmiş 22 verilişin yayımlanacağı gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris