REGİONLAR
“Qarabağ qaziləri” ambutant futbol federasiyasının komandası Türkiyədə yoldaşlıq görüşü keçirəcək
İğdır, 3 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
“Qarabağ qaziləri” ambutant futbol federasiyasının komandası Türkiyənin idman nazirinin dəvəti ilə yanvarın 3-də Ankarada yoldaşlıq görüşü keçirəcək. Bu məqsədlə Türkiyəyə səfərə yola düşən komanda yolüstü Naxçıvanda olub.
AZƏRTAC xəbər verir ki, federasiyanın prezidenti Rövşən Akif oğlu və komandanın üzvləri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
Sonra idmançılar Türkiyənin İğdır şəhərinə yola düşüblər. Ümid körpüsündə ayaq saxlayan qazilər orada da Ulu Öndərin xatirəsini anıblar.
İğdırda keçirilən bayram tədbiri ümummilli lider Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə “Həmvətənlərə dəstək” İctimai Birliyinin sədri Elmar Hüseynov Türkiyə ilə Azərbaycan arasındakı əzəli dostluğun dərin köklərə bağlı olduğunu bildirib. O, çağdaş dövrdə dost və qardaş dövlətlərin dostluğunun yeni müstəvidə inkişafında Ulu Öndərin misilsiz xidmətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi əlaqələri sayəsində bu dostluq daha da genişlənib və dərinləşib.
Daha sonra “Qarabağ qaziləri” ambutant futbol federasiyasının uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən İğdır vilayətinin valisi Ənvər Ünlü Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərinin sarsılmaz köklər üzərində qurulduğunu bildirib.
Sonda İğdır valisi Ənvər Ünlü və “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklu “Qarabag qaziləri” ambutant futbol federasiyasına fəxri diplomlar təqdim ediblər.
“Qarabag qaziləri” İğdırdan Ankara şəhərinə yola düşüblər.