İQTİSADİYYAT
Qaradağ-Puta mənzilində 8,2 kilometr yolun əsaslı təmiri davam edir
Bakı, 15 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvarın 15-22–də növbəti yol qoyuluşu həyata keçirilir və Qaradağ-Puta mənzilində 8,2 kilometr yol əsaslı təmir olunur.
Təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
“Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun məlumatında bildirilir ki, yanvarın 15-də səhər saatlarında köhnə yolun söküntüsünə başlanılmış və artıq 900 metr köhnə yol sökülmüşdür.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. Bu günədək 170,2 kilometr yol əsaslı təmir edilmişdir.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmir ardıcıllığı müvafiq cədvələ uyğun aparılır.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.