İQTİSADİYYAT
Qaradağ rayonunda 6,5 kilometrlik küçə və yolda təmir-tikinti işləri aparılır VİDEO
Bakı, 29 aprel, AZƏRTAC
Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobuslarının hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarında yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonunda da aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına cari ildə Qaradağ rayonunun Korgöz, Ələt və Lökbatan qəsəbələrində ümumi uzunluğu 6,5 kilometr olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur.
Artıq Korgöz qəsəbəsində hər biri 500 metr uzunluğa malik 25-ci və 29-cu, həmçinin uzunluğu 300 metr olan 30-cu Korgöz küçələrinin yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.
Təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə yol əsası işlənilib. Artıq yol əsası hazır olan hissələrdə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Qəsəbə üzrə təmir olunan küçələrin ümumi uzunluğu 1,3 kilometr təşkil edir.
Analoji işlər rayonun Ələt qəsəbəsi üzrə Bağlar massivində də aparılır. İnvestisiya Proqramı çərçivəsində sözügedən qəsəbədə təmir işlərinin ümumi uzunluğu 3,4 kilometr olan 5 küçə və yolda aparılması nəzərdə tutulur ki, bu istiqamətdə bir müddətdir təmir-tikinti işlərinə start verilib.
Qeyd edilən ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır.
Növbəti mərhələlərdə Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Qaradağ rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 27 kilometr olan 30-a yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.