MƏDƏNİYYƏT
Qardaşxan Əzizxanlının “İlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabı təqdim edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış şair Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə nəşr olunmuş “İlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxana tərəfindən birgə təşkil edilən tədbirdə iştirakçılar əvvəlcə yubilyarın yaradıcılığına dair “Qardaşxan Əzizxanlı-60” adlı sərgi ilə tanış olublar.
Tədbir gənc ifaçı Nərgiz Ramizqızının ifasında “Cənab leytenant” mahnısı ilə başlayıb.
Təqdimat mərasimində Qardaşxan Əzizxanlı kitab barədə fikirlərini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, “Gözlə qaş arasında”, “Otuz yeddini keçəndə”, “Ürəyin baxdığı yerdən” kitablarından seçmələrin toplandığı, min nüsxə tirajla çapdan çıxan bu poetik “Divan”da məhəbbət, Vətən, sənət, həyat və dünya haqqında şeirləri toplanıb.
Fərqli bədii tərtibatı ilə diqqət çəkən poetik toplunun orijinal xüsusiyyətlərindən biri də onun oxucuya, həmçinin məzmunca fərqlənməyən “İlkimdəsən, indimdəsən, sonumsan” adı ilə təqdim edilməsidir. Nəşrin “Poliqlot” bölməsində şairin ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirlərindən nümunələr, habelə alman şairləri Y.V.Höte və H.Haynedən tərcümələri yer alıb. Kitabın redaktoru Əlizadə Nuri, rəssamı Elturan və Gilandır.
Milli Məclisin deputatı, professor Musa Qasımlı şairin gözəl şeirləri ilə yanaşı, yüksək insani keyfiyyətlərini də vurğulayıb. Qeyd edib ki, kitabda yer alan şeirlərin əsas məzmunu Vətən sevgisi, torpağa bağlılıq ruhundadır. Şairin əsərlərinin poetik ruhunun oxucuya aşıladığı ovqatdan danışan deputat müəllifə yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə filologiya elmləri doktoru Rüstəm Kamal, tarix elmləri üzrə fəlsəfə doktoru Lətif Şüküroğlu, şairlərdən Əjdər Ol və başqaları Qardaşxan Əzizxanlının poetik istedadının müxtəlif məziyyətlərindən söz açıblar.
Mərasimdə Xəzər Universitetinin tələbələri, “Zəkalar” liseyinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.