REGİONLAR
Qaxda Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi böyük sevinclə qarşılanıb
Qax, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə aprelin 7-də axşam Qax şəhərindəki Nizami parkında konsert proqramı və fləşmob təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bayram tədbirində bildirilib ki, müstəqil Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsini hər kəs böyük sevinclə qarşılayır. Xalqımız inanır ki, ünvanına bu qədər alqışlar, xoş sözlər söylənən, gəlişini bütün el-oba bayram edən bu körpə müstəqil Azərbaycanın xoşbəxt vətəndaşı kimi böyüyüb cəmiyyətə layiqli vətəndaş olacaq.
Tədbirdə rayonun musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Uşaqların təqdim etdiyi fləşmob maraqla qarşılanıb.
Bayram tədbiri atəşfəşanlıqla başa çatıb.