CƏMİYYƏT
“Qayğı” Çağrı Mərkəzinə 4600-dən çox müraciət daxil olub
Bakı, 18 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il fevralın 1-dən fəaliyyətə başlayan “Qayğı” Çağrı Mərkəzinə (116 123) ötən dövrdə 4600-dən çox müraciət daxil olub. Hər bir müraciət qeydiyyata alınaraq araşdırılıb və aidiyyəti üzrə yönləndirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər əsasən imtiyazlı şəxslərin mənzil və avtomobil təminatı, sosial-psixoloji dəstək, məişət zorakılığından zərər çəkənlərə dəstək, sosial xidmət müəssisələrinə qəbul qaydaları, eləcə də agentliyin digər fəaliyyət istiqamətləri ilə əlaqədar olub.
“Qayğı” Çağrı Mərkəzində agentlik tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul proseduru barədə məlumatlandırma, məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, Uşaq Çağrı Xətti və onlayn-psixoloji dəstək istiqamətləri üzrə müraciətlər cavablandırılır.
Sosial xidmətə ehtiyacı olan hər kəs “Qayğı” Çağrı Mərkəzinə zəng edərək agentliyin təqdim etdiyi sosial xidmətlərdən yararlana, habelə həmin xidmətlərlə əlaqədar məlumatlar əldə edə bilər.