REGİONLAR
Qazaxda “Alı zirvəsi” sənədli filmi təqdim olunub
Qazax, 25 aprel, Famil Quliyev, AZƏRTAC
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist, publisist, şair, Əməkdar Jurnalist Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” sənədli filminin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində rayon rəhbərliyi, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Soltanzadə, gənc rəssam Akif Əmirov, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət işçiləri, Milli Qəhrəmanın yaxınları, doğmaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə başlayıb. İştirakçılar və qonaqlar Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsini yad edərək abidə kompleksinin önünə gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları Alı Mustafayevin vaxtilə təhsil aldığı və bu gün adını daşıdığı Qazaxbəyli kənd tam orta məktəbinə gələrək Milli Qəhrəmanın məktəbin həyətində ucaldılan büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Məktəbin X sinif şagirdi Nazənin Qurbanova A.Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeirini oxuyub.
Daha sonra tədbir iştirakçıları rayon rəhbərliyi tərəfindən Milli Qəhrəmanın xatirəsinə tikilmiş bulaq-abidə kompleksini ziyarət ediblər.
Gənclər Mərkəzində davam edən tədbirdə filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək, filmdə əməyi keçən və tədbirdə iştirak edən insanlara minnətdarlığını bildirib. Filmin mahiyyətindən söz açan müəllif qeyd edib ki, bu cür filmlərin çəkilməsində məqsəd gənc nəsildə vətənpərvərlik hissini aşılamaq, Milli Qəhrəmanlarımızı, şəhidlərimizi yad etmək və gələcək nəsillərə tanıtmaqdır.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Soltanzadə bildirib ki, A.Mustafayev Qarabağ müharibəsi başlayandan cəbhə bölgəsindən reportajlar hazırlayıb. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən A.Mustafayev Əməkdar Jurnalist fəxri adına layiq görülüb.
Sonra “Alı zirvəsi” adlı sənədli film təqdim olunub. Filmdə A.Mustafayevin telejurnalist və publisist kimi həyat yoluna və fəaliyyətinə nəzər salınıb, yaxınlarının, doğmalarının, müəllimlərinin, tələbə və iş yoldaşlarının, qələm dostlarının Milli Qəhrəman haqqında fikirləri səsləndirilib. Eyni zamanda, filmdə Milli Qəhrəmanın telejurnalist kimi vaxtilə aldığı müsahibələri özündə əks etdirən kadrlar yer alıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova təqdimat mərasimində çıxış edərək şəhid jurnalist A.Mustafayevin həyat və fəaliyyətini özündə əks etdirən bu cür filmlərin gənclərimizin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük əhəmiyyət daşıdığını deyib.
Çıxışlarda A.Mustafayevin sağlığında qəhrəmanlıq qazanmış, eyni zamanda, ölümün gözünə dik baxaraq Vətən, torpaq və xalq uğrunda canından keçən vətənpərvər bir oğul olmasından söz açıblar.
Milli Qəhrəmanın adını daşıyan Qazaxbəyli kənd tam orta məktəbin şagirdlərinin ifasında A.Mustafayevin şeirləri səslənib.
Sonda Milli Qəhrəmanın bacısı Bəsti Yaqubova qardaşının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığın bildirib.