SİYASƏT


Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin Almatıda keçirilən yığıncağında Fransa Senatının ədalətsiz qərarına etiraz bildirilmişdir

Almatı, 26 yanvar (AZƏRTAC). Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin (QAAİB) Almatıda keçirilən yığıncağında Fransa Senatının ədalətsiz qərarına kəskin etiraz bildirilmişdir.

QAAİB-in sədri Əbülfəz Xəmmədov bildirmişdir ki, Fransa Milli Assambleyasından sonra bu ölkənin Senatı da ədalətsiz qanunu qəbul etmiş və bununla da Fransanın dünyadakı demokratik imicinə zərbə vurmuşdur. Sədr demişdir ki, demokratiya, azad fikir, insan hüquqlarından dəm vuran Fransa parlamentinin bu bədnam qərarı elə insan hüquqlarının və demokratik prinsiplərin pozulmasıdır. Əgər Fransa parlamenti ədalət axtarırsa bəs nə üçün cəmi 20 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri qanlı qırğınları görmək istəmir. Bu faciədə qocalar, qadınlar, uşaqlar amansızlıqla qətlə yetirilmişdir. Əgər fransız deputatlar ədalət carçısıdırlarsa, onda bu haqda niyə danışmır və susmağa üstünlük verirlər. Fransızlar bunu da yaxşı bilirlər ki, təxminən 100 il bundan əvvəl Türkiyədə baş vermiş hadisələrdə ermənilər yüz minlərlə türkü amansızlıqla qətlə yetirmişlər.

Ə.Xəmmədov qeyd etmişdir ki, Türkiyə tərəfi dəfələrlə arxivlərin açılmasını təklif etmişdir, əgər ermənilərin iddiaları həqiqətdirsə, onda niyə arxivlərin açılmasını istəmirlər.

Taldıkurqan şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əlizadə Musayev, Aktube vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahbaz Camalov, Bişkekdə çap olunan “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli, Almatıda çıxan “Vətən” qəzetinin redaktoru Hökumə Xəlilova və başqaları Fransa Senatının qəbul etdiyi bu qanunu pisləmiş, bunun Fransaya böyük zərbə vuracağını qeyd etmişlər.

Sonda Fransa Senatının bu bədnam qanunu ilə əlaqədar dünya türklərinə və azərbaycanlılara müraciət qəbul olunmuşdur.

Müraciətdə Fransa Senatının türk xalqına qarşı yürütdüyü ədalətsiz siyasət qəti pislənilir, dünyanın hər yerinə səpələnmiş türk və azərbaycanlılar etiraz kompaniyasına qoşulmağa çağırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.