QAN YADDAŞI
Qazaxıstanda Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib
Atırau, 27 fevral, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğu tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan silsilə anım tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə diasporumuzun üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.
X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”ndə keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov, azərbaycanlı tələbələr çıxış edərək Xocalı soyqırımının insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu bildirib, bu cinayəti törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə əminliklərini ifadə ediblər.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Atırau