SİYASƏT
Qazaxıstandakı Azərbaycan diasporu ATƏT-in sammitinin iştirakçılarına müraciət edəcəkdir
Bakı, 10 oktyabr (AZƏRTAC). Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqı ATƏT-in sammitinin iştirakçılarına müraciətlə Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpa olunmasını tələb edəcəkdir.
Bu il dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT-in sammitində bu təşkilatın üzvü olan 50 ölkənin dövlət başçılarının, ATƏT-lə tərəfdaşlıq edən 12 dövlətin liderlərinin və 60-dan artıq beynəlxalq təşkilatın rəhbərlərinin iştirak edəcəkləri gözlənilir. Sammitdə müzakirə ediləcək mühüm məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacaqdır.
AZƏRTAC xəbər verir ki, sammit iştirakçılarına ünvanlanan müraciətdə azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpa olunması tələb ediləcəkdir. Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqı həmin müraciətin sammitdə oxunmasını arzu edir.
Müraciətin surəti Qazaxıstan Xarici İşlər Nazirliyinə verilmişdir. Hazırda nazirlikdən cavab gözlənilir.