DÜNYA
Qazaxıstan Çinə təbii qaz ixracına başlayıb
Bakı, 17 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Qazaxıstandan Çinə ildə 5 milyard kubmetrlik təbii qaz ixracına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan milli təbii qaz şirkəti olan “KazTransGaz” məlumat yayıb.
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib ki, “KazMunayGaz” ilə “KazTransGaz”ın birgə uğurlu işi nəticəsində Çinlə təbii qaz ixracına dair müqavilə imzalanıb. Bu əməkdaşlıq sayəsində Çinə ildə 5 milyard kubmetr həcmində təbii qaz ixracı həyata keçirilir. “Biz ildə 10 milyard kubmetr təbii qazı təmin edə biləcək texniki imkanlara və boru kəmərlərinə sahibik. Bu, yerli təbii qaz sektorunun inkişafında yeni dövrün başlanğıcıdır”.
Qeyd edək ki, “KazTransGaz” oktyabrın 3-də Çinin “PetroChina” şirkəti ildə 5 milyard kubmetr təbii qaz ixracatına dair müqavilə imzalayıb. Bu müqavilə ilə “KazTransGaz”ın ildə bir milyard dollar gəlir əldə etməsi nəzərdə tutulur.