REGİONLAR


Qəbələ rayonunda Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb VİDEO

Bakı, 11 may, AZƏRTAC

Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5,3 kilometr olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Torpaq və çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

“Tikinti Norma və Qaydaları”na uyğun yenidənqurma işləri çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi və sıradan çıxmış suötürücü boruların çıxarılması işləri aparılır. Çıxarılan boruların əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçiriləcək.

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi işləri görüləcək, yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək.

Analoji yenidənqurma işlərinin Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3,2 kilometr), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,4 kilometr) və Şamlı-Tola (6,1 kilometr) avtomobil yollarında da aparılması nəzərdə tutulur.

Beləliklə, ümumi uzunluğu 25 kilometr olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin asanlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifahına müsbət təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.