REGİONLAR
Qəbələ taxılçıları bu il zəmilərdən 65 min tondan çox məhsul toplayıblar
Qəbələ, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 19 min 502 hektar taxıl sahəsinin məhsulu biçilib, 65 min 332 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 33,5 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə qəbələli fermerlər 6 min 135 hektar arpa sahəsindən 19 min 509 ton, 13 min 367 hektar buğda sahəsindən isə 45 min 823 ton məhsul əldə ediblər. Arpa sahələrinin hər hektarının orta məhsuldarlığı 31,8 sentner, buğda zəmilərinin məhsuldarlığı isə 34,3 sentner olub.
Hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək 8 min 760 hektar sahədə yay şumu aparılıb.