CƏMİYYƏT
Qəbələdə İslam həmrəyliyinin təbliğində dini icmaların rolundan danışılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dini icma sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova rayondakı dini durum barədə məlumat verib. O, Qəbələdə həyata keçirilən dini maarifləndirmə tədbirlərindən, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Azərbaycan xalqı son dövrlərdə ateizm və mövhumat arasında ən doğru orta yolu formalaşdırır. Bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yürüdülən bu uzaqgörən siyasətin əsas mahiyyəti inanc dəyərlərimizin milli xüsusiyyətlərimizlə uzlaşdırılması və İslamın savaşa, məzhəblərarası konfliktlərə, cəmiyyətdə mənəvi durğunluğa sürüklənməməsidir.
Ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”nin təsadüfi olmadığına diqqət çəkən sədr müavini son 25 ildə bir çox istiqamətlər üzrə nümunələr yaradan ölkəmizdə İslamı zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl Azərbaycan modelinin formalaşdığını deyib. O bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı dini maarifçilik, dini icmalara dövlət qayğısı, məzhəblərarası ünsiyyət Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına qarşı əhəmiyyətli rol oynayır.
Sonda dini icma rəhbərlərinin sualları cavablandırılıb.