REGİONLAR
Qəbələdə “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi məlum olub
Qəbələ, 19 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ötən 4 gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Göygöl, Tovuz, Ağdaş, Siyəzən, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran və Xızı məktəbliləri arasında proqrama uyğun olaraq “Nə? Harada? Nə zaman?” adlı 8-ci intellektual oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Qafqaz Sport” otelində keçirilən bu oyunda məktəblilər öz biliklərini nümayiş etdiriblər. Assosiasiyanın nümayəndəsi, “GameTV.az” Prodüser Mərkəzinin redaktoru Fərrux Hüseynov çıxış edərək “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq keçirilən bu intellektual oyunun əhəmiyyətindən danışıb. O, bildirib ki, əsas məqsəd şagirdlərin indiyədək qazandığı bilikləri və dünya görüşünü bu oyun vasitəsilə yoxlamaq, ən savadlı gəncləri aşkara çıxarmaqdır.
Fərrux Hüseynov hazırda Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Ölkəmizi taniyaq” layihəsində iştirak edən şagirdlər arasında Qəbələ ilə yanaşı, Gəncə, Quba və Lənkəranda da bu cür milli intellektual oyunların keçirildiyini bildirib.
“GameTV.az” Prodüser Mərkəzinin yaradıcı heyəti və çəkiliş qrupu tərəfindən hazırlanan, Azərbaycanın televiziya kanallarında yayımlanan “Breyrinq”, “Əlaçı”, “61”, Что? Где? Когда? intellektual verilişlərinin redaktoru olan Fərrux Hüseynov “Ölkəmizi tanıyaq” layihəsində qalib gələn komandaların gələcəkdə rəhbərlik etdiyi həmin bilik yarışlarına dəvət olunacağını qeyd edib.
Sonra intellektual oyunlara start verilib. İki saat davam edən yarışda hər rayondan 36 şagird iştirak edib və onlar tərkibində 6 nəfərin olduğu 6 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünya görüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.
Oyunun nəticələrinə görə Xaçmaz məktəbliləri 1-ci, Tovuz şagirdləri 2-ci, Quba komandası 3-cü yerə layiq görülüb. Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub.