CƏMİYYƏT
Qəbələdə mülki müdafiə qüvvələrinin təlimi keçirilmişdir VİDEO
Qəbələ, 16 may (AZƏRTAC). Qəbələdə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks təlim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kompleks təlimə rayon icra hakimiyyətinin, fövqəladə hallar komissiyasının nümayəndələri, rayonun mülki müdafiə xidməti, mülki müdafiənin qüvvə və vasitələri cəlb olunmuşdur.
Məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahəsində hazırlığın yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili və bununla bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, fövqəladə hadisələrin nəticələrini aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti obyektə daxil olmuş cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizə edilməsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi işlərini, həmçinin adamların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetirmişlər.
Təlimlərin gedişində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına, praktiki tədbirlərin yerinə yetirilməsinə, mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının mülki müdafiə idarəsi, Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən kompleks təlimə 18 nəfər zabit heyəti, xidmət təşkilatlarının 300 nəfərlik mülki müdafiə dəstələri, 34 ədəd zəruri texnika və mexanizm cəlb edilmişdir.