REGİONLAR
Qəbələdə sənaye məhsulu istehsalı 82,6 faiz artıb
Qəbələ, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2018-ci ildə Qəbələ rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 25 milyon 177 min manat və ya 11,3 faiz artaraq 246 milyon 101 min manat olub. Hesabat dövründə rayonda sənaye məhsulu istehsalı 82,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 3,3 faiz, rabitə xidmətlərinin həcmi 7,4 faiz, ticarət xidmətləri isə 16,5 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın həcmi 74 milyon 95 min manat təşkil edib. Hesabat dövründə rayonda 1936 yeni, daimi iş yeri açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 14-də Qəbələ rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin hesabat məruzəsində bildirilib ki, 2018-ci il rayon iqtisadiyyatı üçün çox uğurlu olub. Hesabat dövründə rayonda 70 milyon 692 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Qəbələ şəhərində 120 yerlik körpələr evi-uşaq bağçasının, Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi işləri başa çatdırılıb. 160 çarpayılıq rayon mərkəzi xəstəxana kompleksinin tikintisi, həmçinin şəhərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilib. Laza və Zərgərli kəndlərində 80 və 56 şagird yerlik modul tipli məktəb binaları tikilib istifadəyə verilib. Hazırda Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün 360 şagird yerlik yeni məktəb binasının, Qaradeyin və Şəfili kəndlərində 80 və 20 şagird yerlik modul tipli məktəb binalarının tikintisi davam etdirilir.
Hesabat məruzəsində 2018-ci ildə rayonda aqrar sahədə görülən işlər də geniş təhlil olunub. Bildirilib ki, ötənilki mövsümdə fermerlər 20 min 100 hektar taxıl sahəsinin hər hektarından orta hesabla 32,5 sentner məhsul tədarük ediblər. Keçən ilin payızında rayonda cari ilin məhsulu üçün 20 min 190 hektar sahədə taxıl əkilib. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Ötən il rayonda 9,1 ton yaş barama istehsal olunub. Fermerlər 75 hektar sahədə tütün yetişdirib, 100 tondan çox quru tütün istehsal ediblər. Hesabat dövründə rayonda 533 hektarda yeni fındıq bağları salınıb.
Diqqətə çatdırılıb ki, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə rayonun kəndlərində 8 subartezian quyusu qazılıb, Mıxlıqovaq kəndində içməli su təchizatı sisteminin qurulması layihəsi üzrə işlər həyata keçirilib.
Yığıncaqda, həmçinin 2018-ci ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək, 2018-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildiriblər.
2018-ci ildə səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon icra hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.