REGİONLAR
Qəbələdə yeni dərs ilində görüləcək işlər müzakirə olunub
Qəbələ, 7 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
2015-2016-cı tədris ilində Qəbələ rayonunun orta təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verilib. Tədris ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, təlimdə ən müasir metodların tətbiqi kimi aktual məsələlərin həlli diqqət mərkəzində saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qəbələ rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında səsləndirilib. Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev diqqətə çatdırıb ki, ötən tədris ilində rayonda 53 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərib. Bu məktəblərdə təhsil alan 16087 şagirdin təlim-tərbiyəsi ilə 2266 müəllim məşğul olub. Rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, ali məktəblərə keçirilən qəbul imtahanlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış ediblər. Respublika fənn olimpiadalarında qəbələli şagirdlərdən 2 nəfər qızıl, 1 nəfəri gümüş, 1 nəfəri isə bürünc medal qazanıb.
Şöbə müdiri Oqtay Hacıyev qeyd edib ki, bu il rayon üzrə 1377 şagird ümumorta təhsil kursu üzrə şəhadətnamə, o cümlədən 14 şagird fərqlənmə şəhadətnaməsi, 1419-nəfər isə tam orta təhsil kursu üzrə attestat alıb və onlardan 3 nəfəri qızıl medala layiq görülüb. Cari ildə qəbələli məzunlardan 760 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib, 424 nəfər tələbə adını qazanıb. Ali məktəblərə daxil olan abituriyentlərdən 36 nəfər 600-dən yuxarı bal toplayıb. Builki imtahanlarda rayonun məzunları arasında ən yüksək nəticəni Mıxlıqovaq kənd orta məktəbin məzunu Şirinov Amil Rüfət oğlu əldə edib. O, imtahanlarda 679 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.
Məlumat verilib ki, yeni dərs ili ərəfəsində təhsil ocaqlarında əsaslı və cari təmir-bərpa işləri aparılıb. Təhsil ocaqları bütün lazımi avadanlıq və dərsliklərlə təmin olunub. Məktəblilərin dərsliklə təminatında, eləcə də məktəb kitabxanaları fondunun zənginləşdirilməsi istiqamətində xeyli iş görülüb. Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil məktəblərinə 136 adda 65 min 244 ədəd dərslik verilib.
Konfransda müəllim əməyinin qiymətləndirilməsindən də danışılıb. Qəbələli pedaqoqların Prezident İlham Əliyevin Sərəncamı ilə müxtəlif fəxri adlara, orden və medallara layiq görülməsi rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova və Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quliyev çıxış edərək son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən danışıblar. Natiqlər uğurlu nəticələrin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin bəhrəsi kimi dəyərləndiriblər. Onlar bu uğurların qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıqlarını bildiriblər.
Konfransda ötən tədris ilinin yekunları təhlil edilib və yeni dərs ilində görüləcək işlər müzakirə olunub. Sonra bir qrup müəllim və şagirdə fəxri fərman və qiymətli hədiyyələr verilib.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.