REGİONLAR
Qəbələli arıçı: Bal verən ağacların əkilməsi arıçılığın inkişafı üçün çox əhəmiyyətlidir
Qəbələ, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə belə bir aksiyanın keçirilməsi çox təqdirəlayiqdir. Bu gün burada minlərlə akasiya ağacı əkildi. Akasiya çox qiymətli, bal verən ağac növü hesab olunur. Ona görə də, belə ağacların əkilməsi arıçılığın inkişafı üçün çox əhəmiyyətlidir. İndiyədək biz öz arı ailələrimizi respublikanın müxtəlif rayonlarına, digər kəndlərə köçürürdük. Bu ağaclar böyüdükdən sonra arıları digər yerlərə aparmağa ehtiyac qalmayacaq. Biz arı ailələrini bu əraziyə köç etməklə, yüksək keyfiyyətli bal əldə edə biləcəyik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Arıçılar Assosiasiyası Qəbələ rayon şöbəsi sədrinin müavini Səbuhi Nəbiyev rayonun Mıxlıqovaq kəndində keçirilən ağacəkmə aksiyası zamanı deyib.
Bu cür təşəbbüslərin mühüm əhəmiyyət daşıdığını vurğulayan qəbələli arıçı ekoloji mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən layihələrə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya rayonun arıçıları adından minnətdarlığını bildirib.