MƏDƏNİYYƏT
Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı olub
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı çıxış edərək şair, nasir, publisist kimi Qənbər Şəmşiroğlunun həyat və yaradıcılığından söz açıb. Bildirib ki, sayca 24-cü olan bu kitabında da müəllif ənənəsinə sadiq qalaraq oxucusuna günümüzün aktual mövzusu olan vətənpərvərlik, yurdsevərlik hisləri aşılayır. Qənbər Şəmşiroğlu Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, hətta baməzə hadisələr öz ifadəsini tapıb.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, filologiya elmləri doktoru Şirindil Alışanlı müəllifin əsərlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar.
Tədbirdə Xalq Şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları Aqil Abbas, Jalə Əliyeva və başqaları çıxışlarında böyük sənətkarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar.
Bildirilib ki, Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri - qoşma, qəzəl, gəraylılarla bu bulağın suyunu daha da gur edib. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili var. Ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Ömrün işıqlı anları”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” və s. kitablarındakı şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti əksini tapıb. Öz qayğıkeşliyi, insanlara və təbiətə vurğunluğu, bitib-tükənməz yaradıcılıq enerjisi ilə o, bu gün ömrünün müdrik çağlarını yaşayır. Sürətlə ömürdən ötən illər el ağsaqqalı Qənbər Şəmşiroğlu üçün həm gözəl, həm keşməkeşli, həm şirin, həm də acı və əzablı olub.
Qeyd edilib ki, Qənbər Şəmşiroğlu bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur.
Tədbirdə şagirdlər ədəbin şeirlərindən nümunələr səsləndiriblər.
Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.