DÜNYA
Qərb-Şərq beynəlxalq avtomobil magistralının Gürcüstandan keçən hissəsində tikinti işləri sürətləndirilib
Tbilisi, 11 may, AZƏRTAC
Qərb-Şərq beynəlxalq avtomobil magistralının (E-60) Gürcüstandan keçən hissəsində tikinti işləri davam edir. Yolun Gürcüstan hissəsindəki Rikoti aşırımındakı bəzi sahələr cari ilin sonunda istismara veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.
Bildirilib ki, Rikoti yolu beynəlxalq Şərq-Qərb magistralının əsas tərkib hissələrindən biridir. Ümumi uzunluğu 51,6 kilometr olan Rikoti yolunun üstündə 97 körpü və 51 tunelin tikintisi nəzərdə tutulub. Bu da Gürcüstanın şərqindən qərbinə qədər yolun xeyli qısalmasına və vaxta qənaət olunmasına şərait yaradacaq. Artıq 16 tunel açılıb, 3 yeraltı keçiddə və 6 körpüdə tikinti işləri başa çatdırılıb. Tikinti işlərinə ümumilikdə 4 mindən çox işçi cəlb olunub, onların da 68 faizi gürcülərdir. Yolun Xevi-Ubisa hissəsində işlər başa çatıb və artıq istifadədədir.
Rikoti aşırımında tikinti işləri 4 hissəyə bölünməklə aparılır. Birincisi 11,6 kilometrlik Çumateleti-Xevi, ikincisi 12,2 kilometrlik Xevi-Ubisa (artıq işlər başa çatıb), üçüncüsü 13 kilometr uzunluğu olan Ubisa - Şoropani, 4-sü isə 14,7 kilometr uzunluğu olan Şoropani-Arqveta sahəsidir.
Rikoti aşırımında işlərin mərhələlərlə 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Bu yolda avtomobillərin hərəkət sürəti saatda 60 kilometr təşkil edir. İşlər başa çatdıqdan sonra bu yolda hərəkət sürəti iki dəfə artacaq.
Qeyd edək ki, E-60 tranzit yolunun Gürcüstandan keçən hissəsi Azərbaycan ilə sərhəddən başlayır və Qara dəniz sahillərində başa çatır. Yolun Gürcüstan hissəsindən keçən hissəsinin ümumi uzunluğu 392 kilometrdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi