ELM VƏ TƏHSİL


Qərbi Azərbaycan ərazisinin 22 rayonundan azərbaycanlılar deportasiya edilib

Qərbi Azərbaycan ərazisinin 22 rayonundan azərbaycanlılar deportasiya edilib

Bakı, 19 yanvar, AZƏRTAC

İrəvan şəhərinin ermənilərə verilməsi ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür. Bəzi yazı və çıxışlarda şəhərin guya 99 illik icarəyə verildiyini, bəziləri isə həmin dövrdə beynəlxalq vəziyyətin indiki kimi olmadığını qeyd edirlər. Lakin tarixi faktlar araşdırılarkən arxiv sənədlərinə istinad olunmalıdır. Dövlət başçısı İlham Əliyev tarixi sənədlərlə yaxından tanış olduğu üçün öz fikrini hər zaman qətiyyətlə ifadə edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib. Onun sözlərinə görə, İrəvan şəhəri ermənilərə verilərkən Azərbaycan xalqına müraciət olunmayıb, razılıq alınmayıb: “Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra ölkəmizin 20.8 min kvadratkilometr ərazisini Ermənistana verib. 1988-ci il noyabr ayının 23-dən dekabrın 7-dək sovet ordusunun iştirakı ilə bütün Qərbi Azərbaycan ərazisindən 22 rayondan azərbaycanlılar deportasiya edilib. Mən bu hadisənin şəxsən şahidi olmuşam. Əlbəttə ki, bu məsələnin bir çox məqamları tədqiqatlar zamanı aşkara çıxarılacaq. Bəzən bir faktın sübut olunmasına xeyli vaxt tələb olunur. Bu da təbiidir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bir tarixi faktın aşkara çıxarılmasına 20 ildən çox vaxt sərf etdiyim də olub”.

“1918-ci il may ayının 29-dək həmin ərazidə Ermənistan adlanan beynəlxalq hüququn bir subyekti mövcud olmayıb. Ermənilər və onların Rusiya Federasiyası, ABŞ, Fransa və Avropanın bir sıra ölkələrindən, o cümlədən İrandan olan havadarları iddia edirlər ki, ermənilər bu ərazilərin yerli əhalisidir və bununla saxtakarlığa əl atırlar. Bir faktı qeyd etmək vacibdir ki, Azərbaycan ərazisində hazırda da bir çox xalqlar yaşayır. Bu xalqlar ümumi Azərbaycan dövləti ərazisində yaşayırlar, Azərbaycan xalqının torpaqlarına göz dikməyiblər. Lakin ermənilər öz havadarlarının təhriki ilə həmin illərdən başlayaraq Qərbi Azərbaycan ərazisinə köçürülərkən ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bu, yolverilməz bir fakt olmaqla bərabər, həm də cinayətdir. Əminəm ki, yaxın zamanda apardığımız tədqiqatların nəticələri olaraq ermənilərin bu ərazilərdə törətdikləri genişmiqyaslı cinayətlərlə bağlı yeni sübutlar üzə çıxacaq”, – deyə Cəbi Bəhramov bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.