MƏDƏNİYYƏT


Qətərdə dahi şair və görkəmli mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətər dövlətinə səfəri çərçivəsində dahi şair və görkəmli mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Qətərdəki səfirliyi və Qətər Milli Kitabxanasının (QMK) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə QMK-nin rəhbəri, Qətərin Baş nazirinin müavini rütbəsində dövlət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və fəlsəfə doktoru, Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqub çıxış ediblər.

Dövlət naziri Həməd Əl-Kavari öz nitqində bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr son dövrlərdə xeyli inkişaf edib. Dövlət naziri dahi Nizami Gəncəvinin yubileyini qeyd etməkdən məmnunluğunu ifadə edib, Azərbaycan və Qətər xalqları arasında mədəni bağların mövcud olduğunu və bu kimi mədəni tədbirlərin digər sahələrdə də ikitərəfli münasibətlərin inkişafı üçün körpü rolu oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən nazirin birinci müavini Elnur Əliyev humanizm, gözəllik, sevgi, gender məsələləri və mehriban qonşuluq kimi mövzuların Nizami Gəncəvinin yaradıcılığında başlıca yer tutduğunu diqqətə çatdırıb. E.Əliyev qeyd edib ki, dahi mütəfəkkirin yaşadığı əsrdə dünyanın bir çox bölgələrində zorakılıq geniş yayılsa da, Nizami Gəncəvi yaradıcılığı sülh, ədalət, sevgi və şəxsi inkişaf kimi mövzuları tərənnüm edib. Nizaminin “Xəmsə”sinin regionumuzun hüdudlarından çox uzaqlarda belə şöhrət tapdığını, dərindən araşdırılıb tədqiq edildiyini və bir çox şairlərin Nizami üslubunu təqlid etdiklərini qeyd edib. Nazir müavini dahi şairimizin 880 illik yubileyinin Qətərdə qeyd olunmasına görə təşəkkürünü ifadə edərək, gələcək illərdə ədəbiyyat və poeziya sahəsində birgə səylərin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Çıxışların ardınca iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına və Nizami irsinin tədqiqinə töhfə olaraq, Həməd Əl-Kavari Nizami Gəncəvinin poemalarının Qətər Milli Kitabxanasında saxlanılan qədim əlyazmaları və miniatürlərinin elektron nüsxələrini Elnur Əliyevə təqdim edib.

Tədbir zamanı, həmçinin sözügedən qiymətli əlyazmaların orijinal nüsxələri tədbir iştirakçıları üçün sərgilənib.

Daha sonra fəlsəfə doktoru Mail Yaqub Nizami Gəncəvi yaradıcılığında kamil insan və onun xüsusiyyətləri mövzusunda çıxış edib. Fəlsəfə doktoru, N.Gəncəvinin İslam peyğəmbəri ilə əlaqədar beytlərdən nümunələr oxuyaraq, onların bədii-fəlsəfi təhlilini verib. N.Gəncəvinin hətta romantik məzmunlu əsərlərində belə ictimai, siyasi və fəlsəfi fikirləri ustalıqla təqdim edə bildiyini deyərək, məhz bu səbəbdən orta əsrlərdə ona “həkim” (müdrik, filosof) adının verildiyini söyləyib.

Qeyd edək ki, səfər çərçivəsində Elnur Əliyev Qətərin dövlət naziri Həməd bin Əbdüləziz Əl-Kavari ilə görüş keçirib.

Daha sonra E.Əliyev Qətər Milli Kitabxanasının fəaliyyəti ilə tanış olub, Qətər televiziyasına müsahibə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.