CƏMİYYƏT
Qida Təhlükəsizliyi İnstitutu kadr potensialını gücləndirmək üçün peşəkarları əməkdaşlığa dəvət edir
Bakı, 10 avqust, AZƏRTAC
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 10.3.4-cü yarımbəndinə uyğun olaraq Qida Təhlükəsizliyi İnstitutunun nəzdində “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” təsis olunub. Eyni zamanda, həmin Dövlət Proqramının 10.3.6-cı yarımbəndinə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən kadrların təlimə ehtiyacının qiymətləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar olaraq qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə mütəxəssislərdən ibarət “kadr bankı” yaradılaraq, müxtəlif layihələr və təlimlər vasitəsilə əməkdaşlıq edilməsi planlaşdırılır. “Qida Təhlükəsizliyi Təlim Mərkəzi” tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə elmi təminatın və kadr potensialının gücləndirilməsi, eləcə də mütəxəssislərin hazırlanması məqsədilə təlimlər həyata keçiriləcək.
Ona görə də qida məhsullarının təhlükəsizliyi sahəsində qida mühəndisi, qida texnoloqu, HACCP üzrə mütəxəssis, İSO 22000 üzrə mütəxəssis, qida mikrobioloqu, qida sənayesinin müxtəlif sahələrində təcrübə; qabaqcıl fəaliyyət kodeksləri üzrə mütəxəssis (GHP, GAP, GMP və s.), heyvan sağlamlığı sahəsində baytar həkim, baytar əczaçı, baytar epidemioloq, baytar virusoloq, baytar mikrobioloq, baytar seroloq, baytar parazitoloq, baytar toksikoloq, baytarlıq müfəttişi, bitki sağlamlığı sahəsində aqronom entomoloq, aqronom fitopatoloq, aqronom virusoloq, aqronom mikoloq, aqronom bakterioloq, aqronom herboloq, aqronom fitohelmintoloq, aqronom bioloq, kimyaçı (bitkiçilik məhsulları, aqrokimyəvi maddələr və pestisidlərin sınağı üzrə), aqrokimyaçı, biokimyaçı, fitosanitar müfəttiş və fumiqasiya mütəxəssisi əməkdaşlığa dəvət olunur.
Tələblərə uyğun namizədlərdən mövzu yerində “Təlimçi (ekspert) olduğu sahənin adını” qeyd edərək öz anket formalarını (CV) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (əlaqələndirici şəxs: Vüsal Qocayev, tel.: 5651272, daxili: 563, mob.: 0556929090; Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185b, AZ1029).
Müraciətlər sentyabrın 15-dək qəbul olunur.