İQTİSADİYYAT
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
Bakı, 17 oktyabr, AZƏRTAC
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, palatada Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə ölkəmizdə təlim səfərində olan Qırğızıstanın Ədliyyə nazirinin müavini Esenaliev Maksatbekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı dövlət reyestrinin kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığına verdiyi töhfə, paralel həyata keçirilmiş digər islahatlar müzakirə edilib.
MBNP-nin idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Azərbaycanın daşınar əmlakın yüklülüyü istiqamətindəki təcrübəsinin Qırğızıstanda maraqla qarşılanmasından məmnunluğunu ifadə edib və nümayəndə heyətinin səfərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü ərəfəsində keçirilməsinin xoş təsadüf olduğunu vurğulayıb.
İ.Alışov palatanın yaradılmasını zəruri edən amillər, maliyyə bazarları sahəsində səmərəliliyin artırılması və bazarın effektivliyinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatların davamı kimi 3 təsisatın – İpoteka və Kredit Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılması barədə məlumat verib. Bildirilib ki, bu 3 təsisatın yaradılması ölkədə kredit əlçatanlığına müsbət təsir göstərməklə yanaşı, ölkəmizin Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında 10 ən islahatçı ölkədən biri olması, ölkələrin sıralamasında 100 pillə irəliləyərək 122-ci yerdən 22-ci yerədək yüksəlməsi ilə nəticələnib.
Bundan əlavə, dövlət reyestrinin yaradılması ilə KOB subyektləri üçün əsas aktiv qismində daşınar əmlakı girov qoymaqla öz sahibkarlıq fəaliyyətlərini genişləndirmək baxımından yeni imkanların yarandığı, kredit əlçatanlığının sadələşdirildiyi qeyd olunub, islahatlar nəticəsində müşahidə olunan müsbət trendlər statistik rəqəmlərlə diqqətə çatdırılıb.
E.Maksatbek Azərbaycanda qısa müddətdə əldə edilən uğurların Qırğızıstanda yüksək qiymətləndirildiyini bildirib. O, Qırğızıstanda girov qeydiyyatı üzrə görülmüş işlər, elektronlaşma barədə məlumat verib və Azərbaycanın dövlət reyestri təcrübəsinin beynəlxalq təşkilatlar tərəfindən Qırğızıstan üçün ən optimal təcrübə olduğunu, bu təcrübədən yararlanmaqda maraqlı olduqlarını ifadə edib.