İDMAN
Qivami Rəhimli: Bu gün müstəqil Azərbaycan ölkəmizdə şahmatın inkişafının bəhrələrini görür
Bakı, 18 yanvar, AZƏRTAC
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbovun “Airthings Masters” turnirində Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olması ilə bağlı məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.
Qrossmeyster Teymur Rəcəbov Yeni il günlərində “Airthings Masters” turnirində qazandığı qələbəsini Azərbaycana həsr edib. “Peşəkar şahmatçı kimi, hər yarışda Vətənimin idman nüfuzunu layiqincə qorumağa çalışıram. Çox gərgin oyunlar keçirdim və sevinirəm ki, sonda qələbə Azərbaycanın adına yazıldı”, - deyə Rəcəbov qələbə münasibətilə səmimi təbriklərinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq məktubunda bildirib. “Sizin şahmata və şahmatçılara göstərdiyiniz diqqətin sayəsində qrossmeysterlərimiz nüfuzlu yarışlarda parlaq qələbələr qazanır, ölkəmizdə mötəbər şahmat yarışlarının təşkili ənənə halını alır. Sizi və Azərbaycan xalqını sevindirdiyim üçün çox xoşbəxtəm".
Teymur Rəcəbovun öz qələbəsi münasibətilə Azərbaycana minnətdarlıq duyması təsadüfi deyil. Çünki şahmat karyerasına başladığı ilk günlərdən ölkə rəhbərliyinin – həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin sahmata və gənc şahmatçılara qayğısını həmişə hiss edib. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrdə şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Prezident Heydər Əliyev ümumilikdə Azərbaycanda şahmatın inkişafı ilə bağlı və ayrılıqda 1998-ci ildə istedadlı yeniyetmə şahmatçılar Teymur Rəcəbova və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında sərəncamlar imzalamışdı. Elə bunun nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək inkişaf etdiyi ölkələr sırasında çəkilir.
Azərbaycan şahmat məktəbinin yetirmələrinin - o illərin yeniyetmə şahmatçılarının indi dünyanın ən yüksək reytinqli qrossmeysterlərinə çevrilməsinin və əldə etdikləri uğurların Ümummilli Liderimizin şahmatın inkişafı üçün yaratdığı möhkəm təməlin bəhrəsi olduğunu görürük.
Ötən ilin payızında Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazandığı böyük Zəfərdən sonra xalqımıza yeni ildə ilk qələbə sevincini şahmatçımız Teymur Rəcəbov yaşatdı. Teymurun “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final görüşünü Azərbaycanda hamı böyük maraqla izləyirdi. Bu da, ilk növbədə, Teymur Rəcəbovun Qarabağ müharibəsində məğlub edilmiş Ermənistanı təmsil edən, şahmat üzrə dünya kubokunun sahibi olmuş Levon Aronyanla final mərhələsinin həlledici matç olmasından irəli gəlirdi. Nəhayət, xalqımız xoş xəbərin şahidi oldu. Şahmatçımız erməni rəqibinə heç bir şans vermədən onu məğlub edərək “Airthings Masters” turnirinin qalibi oldu.
Gərgin mübarizədə qalib gələn şahmatçımız Azərbaycan xalqının intellektual potensialını bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu möhtəşəm qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbova təbrik məktubu ünvanlayıblar: “Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.
Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.
Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik”.
BP şirkəti olaraq xoşbəxtik ki, Azərbaycan şahmatının inkişafında bizim də töhfəmiz var. Azərbaycanda fəaliyyətimizin ilk günlərindən BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətləri sırasında şirkətimizin təhsilin, idmanın inkişafına, mədəni irsə dəstəyi baslıca yer tutub. Biz ilk günlərdən gənc şahmatçıların öz istedadlarını daha da inkişaf etdirmələri üçün onları kompüterlərlə təchiz edir, beynəlxalq turnirlərdə onların iştirakını təmin etmək üçün maliyyə xərclərini ödəyir, Bakıda keçirilən şahmat turnilərinə dəstək olurduq.
2001-ci ildə BP-nin sponsorluğu ilə Bakıda keçirilən şahmat üzrə beynəlxalq turnirdə iştirak edən istedadlı yeniyetmələr bu gün Azərbaycanın adını dünyada ucaldan şahmatçılardır. BP şirkətinin nümayəndəsi kimi, beynəlxalq turnirin qaliblərinin təltifolunma mərasiminə qatılmışdım və mükafatlandırmada iştirak edirdim. Bu beynəlxalq turnirdə o zaman ən məşhur şahmatçı 14 yaşlı Teymur Rəcəbov idi. Onunla yanaşı turnirdə digər istedadlı şahmatçılar Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və başqaları da iştirak edirdi. Sonradan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və digər istedadlı yeniyetmə şahmatçılar dünyanın qabaqcıl qrossmeysteri sırasına çıxa bildilər. Bu istedadlı yeniyetmələrdən ibarət Azərbaycanın yığma şahmat komandası Avropa və dünya birinciliklərində bir çox qələbələrə imza atıblar.
Bu gün müstəqil Azərbaycan ölkəmizdə şahmatın inkişafının bəhrələrini görür. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, bunun sayəsində Bakıda və respublikamızın digər yerlərində şahmat məktəblərinin açılması yeniyetmə istedadların üzə çıxarılmasında və onların müxtəlif miqyaslı beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmələrində mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin bu sahədə şahanə gedişləri ilə təməlini qoyduğu böyük uğurlar göz qabağındadır.