CƏMİYYƏT
Qızıl məmulatlarının gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 30 iyul, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajı rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli əşyaların təsviri əks olunub. Buna görə də sərnişin saxlanılıb və onun yükü təkrar yoxlanılıb. Yoxlamadan öncə vətəndaşa gömrüyə bəyan edilməli olan əşyaları könüllü şəkildə təqdim etməsi təklif olunub. O, əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) və 35 min türk lirəsini, 3 ədəd “Rolex” markalı qol saatını üzərindən və əl çantasından çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) ümumi kütləsi 41,49 qram olan 585 əyarlı qızıldan hazırlanmış məmulatdır. “Rolex” markalı qol saatlarından 1 ədədi 750 əyarlı qızıldan hazırlanmış və çəkisi 222,67 qramdır. İki ədədi isə 193,49 qram və 130,66 qram kütləli paslanmayan poladdan hazırlanmış saatdır.
Faktla bağlı araşdırma aparılır.