İQTİSADİYYAT
Qlobal enerji istehsalının artıq 20 faizi bərpa olunan enerji mənbələrinin payına düşür
Bakı, 4 aprel, AZƏRTAC
BMT-də Ətraf Mühit Proqramının (UNEP) bərpa olunan enerji mənbələrinə keçməyin perspektivlərinə dair araşdırmalarının nəticələri təqdim edilib. Tədqiqat müəllifləri əmindirlər ki, bərpa olunan enerji mənbələri qlobal enerji sektorunun mühüm hissəsinə çevriləcək.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, hazırda qlobal enerji istehsalının 20 faizi bərpa olunan enerji mənbələrinin payına düşür.
“Bərpa olunan enerji məsələləri şəbəkəsi”ndən Kristin Lints deyib: “Biz böyük yol keçdik. Bu gün dünya miqyasında istehlak olunan enerjinin 20 faizi bərpa olunan enerji mənbələrinin üzərinə düşür. Lakin bu o deməkdir ki, yerdə qalan 80 faiz qazıntı şəklində yanacağın hesabınadır. Odur ki, qarşıda bizi daha çox iş gözləyir”.
Sorğunun nəticələrinə görə, ekspertlərin 71 faizi əmindir ki, dünya bərpa olunan enerjiyə tam keçə bilər. Ekspertlərin 12 faizi bu barədə müəyyən fikir söyləmir, 17 faizi isə məsələyə şübhə ilə yanaşır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bərpa olunan enerji ehtiyatlarından, o cümlədən günəş, külək, biokütlə və s. enerjisindən istifadə edilməsi ekologiya və enerji təhlükəsizliyi problemlərini həll etməyə imkan yaradacaq.