REGİONLAR
Qobustanda taxıl biçininə başlanılıb - 750 hektardan çox sahənin məhsulu yığılıb
Qobustan, 11 iyun, AZƏRTAC
Qobustan rayonunda taxıl biçini kampaniyasına start verilib və bir neçə gündə 750 hektardan çox sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 30 min 642 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 11 min 750 hektarı arpa, qalanı isə buğdadır. Hazırda bütün qüvvələr bu strateji məhsulun tez və itkisiz toplanmasına səfərbər edilib. İlkin olaraq daha tez yetişən arpa biçilir. İlk günlərdən zəmilərə 12 kombayn çıxarılıb. Rayonun bütün ərazilərində, xüsusilə Poladlı, Ərəbqədim, Şıxzərli, Yekəxana bir sıra digər ərazi nümayəndəliklərində biçin daha mütəşəkkil təşkil olunub.
Zəmilərdə orta məhsuldarlıq hələlik 23,5 sentner təşkil edir. Mütəxəssislər cari mövsümdə 75 min ton taxıl istehsal ediləcəyini proqnozlaşdırırlar.