REGİONLAR
“Quba şəhidlərinin ev muzeyləri” kitabı oxuculara təqdim olunub
Quba, 17 may, Elxan Yusifli, AZƏRTAC
Quba Tarix-Diyarşünaslıq Muzeyində “Quba şəhidlərinin ev muzeyləri” adlı kitab oxuculara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba Tarix-Diyarşünaslıq Muzeyi və şəhid Əliyev Rəvan Yusif oğlunun ailəsi ilə birgə ərsəyə gətirilib.
Kitabda qubalı şəhidlərin hər biri haqqında məlumatlar və fotoşəkillər yer alıb.
Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri təqdimat mərasimində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində xalqımızın Vətən müharibəsində qazandığı qələbədən danışılıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu xüsusi vurğulayıb. Bu Qələbə sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğu qeyd olunub.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.