REGİONLAR
Qubada qəbiristanlıqda çətənə bitkisi becərən şəxs saxlanılıb
Quba, 18 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada qəbiristanlıqda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Rövşən Axundov saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana aşkar edilib. Bununla yanaşı, R.Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 6 ədəd çətənə bitkisinin yeri də müəyyən olunaraq götürülüb.
Rövşən Axundov çətənə kollarını özünün əkdiyini etiraf edib.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.