REGİONLAR
Qubada sahibkarlara 3,3 milyon manat güzəştli kredit verilib VİDEO
Quba, 13 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, quşçuluq, bağçılıq, logistik mərkəzin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güzəştli kreditlər iyulun 13-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu çərçivəsində təqdim olunub.
Qubanın Timiryazev kəndində keçirilən forumda rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan meyvə-tərəvəz və süd emalı, quru meyvə, karton, plastik və metal tara, damlama suvarma sistemləri, əl ilə xalça və yun iplik istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov çıxışında bildirib ki, bu ilin ötən dövrü ərzində 622 sahibkarın ümumi dəyəri 468 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 100,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 7 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Diqqətə çatdırılıb ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 2 min 600-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 196,8 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, tara, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib.
Son illər 27 bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının yaradılmasına 55 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Qubada güzəştli kredit ayrılan intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.