REGİONLAR
Qubadlı qadınları həmişə dövlətçiliyə sadiqliyi ilə seçiliblər
Sumqayıt, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyəti rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən qadınları martın 7-də Sumqayıt şəhərində yerləşən “28 May” mədəniyyət evinə yığaraq onlar üçün 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyevanın məruzəsi dinlənilib. O bildirib ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanına malikdir.
X.Alıyeva Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olduğunu vurğulayaraq qeyd edib ki, müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir və ölkəmizdə həyata keçirilən siyasətin fəal müdafiəçiləridirlər.
Diqqətə çatdırılıb ki, Qubadlı qadınlarının dövlətə və dövlətçiliyə göstərdikləri xidmətlər ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Rayonun 4 qadını “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 4 qadın isə “Tərəqqi” medalı ilə təltif olunub.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qadınları təbrik edərək ümummilli lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirib. O, həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, mədəniyyətimizin inkişaf etdirilməsində Azərbaycan qadınlarının xidmətlərini hər zaman yüksək qiymətləndirir.
M.İsaqov Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Birinci vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin hər kəsə örnək olduğunu vurğulayıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon icra hakimiyyəti başçısının fəxri fərman və hədiyyələri təqdim edilib. Respublikanın tanınmış incəsənət ustalarının və rayon özfəaliyyət kollektivlərinin bayram konserti hər kəsdə xoş ovqat yaradıb.