Qubadlılar ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirmişlər
AzerTAg.az
Sumqayıt, 8 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümü münasibətilə Qubadlı rayonu üzrə silsilə tədbirlər keçirilmiş, məktəblilər arasında inşa, mahnı, rəsm müsabiqələri, bilik və idman yarışları təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə Sumqayıtda keçirilən ümumrayon tədbirində idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirin iştirakçıları əvvəlcə rayon icra hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoymuşlar.
Sonra tədbir Qubadlı rayon Çaytumas məktəb-liseyində davam etmişdir.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndərin doğum günü münasibətilə təşkil edilən sərgi ilə tanış olmuşlar. Sərgidə Heydər Əliyevə həsr olunmuş kitablar, ümummilli lider haqqında yazılan çap materialları, həmçinin Qubadlı rayon məktəblilərinin rəsm əsərləri və əl işləri nümayiş etdirilmişdir.
Sonra Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov məruzə ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın inkişafındakı müstəsna xidmətlərindən bəhs etmişdir. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən icra başçısı bildirmişdir ki, hələ sovet dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxaran Heydər Əliyev güclü iqtisadi, elmi və sosial potensial formalaşdırmış, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının güclənməsinə zəmin yaratmışdır.
Bildirilmişdir ki, xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Azərbaycanı fəlakətlərdən xilas etmiş, inkişaf yoluna çıxarmışdır. Ulu Öndərin inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Bildirilmişdir ki, ölkənin iqtisadi inkişafı ilə yanaşı, xalqın mədəni səviyyəsinin yüksəldilməsi Ulu Öndərin siyasətində həmişə öncül yerdə dayanmışdır. O, öz xalqının dünya xalqları içərisində qabaqcıl yerdə qərar tutmasının əsas şərtlərindən birini mədəniyyətin inkişafında görürdü.
Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil edilmiş rayon məktəbliləri arasında inşa, rəsm və mahnı müsabiqələrinin, bilik və idman yarışlarının qalibləri mükafatlandırılmışdır. Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var