REGİONLAR
Qubalıların özünəməxsus adəti - “səməni atdı” mərasimi VİDEO
Quba, 2 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 2-də Quba sakinləri Novruzda cücərdilən səməniləri axar suya atıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubada hər il bayramdan 13 gün sonra “səməni atdı” mərasimi keçirilir. Əksər qubalılar Novruzda cücərdilən səmənini axar suya atırlar. Sakinlər arasında “səməni atdı” adlandırılan mərasim Qudyalçayın Quba şəhəri ərazisindən keçən hissəsindəki körpüdə təşkil olunur. Mərasimə qatılanlar niyyət edərək bayram səmənilərini axar suya atır, arzularının həyata keçməsi üçün dua edirlər.
Bu adət Qubada uzun illərdir ki, qorunub saxlanılır. Son illər isə Qudyalçayın üzərindəki körpüdə “səməni atdı” mərasiminə tək qubalılar yox, ətraf rayonların sakinləri də gəlirlər.
İnanca görə, səmənini suya atan şəxsin arzusu növbəti Novruz bayramına kimi həyata keçir. Niyyəti həyata keçən şəxs növbəti bayramda yenidən mərasimə qatılır və burada olanlara şirniyyat paylayır.