İQTİSADİYYAT


Qulam İshaqzai: Problemli kreditlərlə bağlı Fərman BMT tərəfindən yüksək qiymətləndirilir

Bakı, 23 may, AZƏRTAC

BMT Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı imzalanmış Fərmanı yüksək qiymətləndirir.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, palatada BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İshaqzai və BMT-nin Azərbaycan ofisinin koordinasiya məsələləri üzrə analitiki Şəms Mustafayeva ilə görüş keçirilib.

MBNP-nin idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Azərbaycanda maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, Bazel standartlarının tətbiqi üzrə reallaşdırılan maliyyə islahatları barədə ətraflı məlumat verərək ölkənin bank, sığorta və qiymətli kağızlar bazarının hazırkı vəziyyəti, maliyyə bazarlarının aparıcı komponentləri kimi bu sferalarda əldə olunan irəliləyişlər haqqında bir çox məqamları diqqətə çatdırıb. Ölkədə maliyyə sektorunda izlənilən islahatyönümlü tendensiyanın beynəlxalq arenada yüksək qiymətləndirildiyi, bunun nəticəsi olaraq "Doing Bussines 2019" hesabatında ölkəmizin kreditlərin əlçatanlığı indikatoru üzrə 122-ci yerdən 100 pillə irəliləyərək 22-ci pilləyə yüksəldiyi, kredit məlumatlarının əhatəliliyi indeksi üzrə 8 mümkün baldan 8 bal toplayaraq 10 ən islahatçı ölkə sırasına daxil olduğu vurğulanıb.

Daha sonra əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman barədə məlumat verilib. Ölkə əhalisinə dövlət dəstəyinin bariz nümunəsi kimi imzalanan və icra olunan Fərmanın böyük çərçivədə insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməsi ilə yanaşı, bankların maliyyə stabilliyinin bərpa edilməsində mühüm rol oynayacağı vurğulanıb.

Qulam İshaqzai Azərbaycanda həyata keçirilən iqtisadi və sosial islahatların təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ölkədə yeni iş yerlərinin yaradılmasının, maliyyə sahəsində mütəmadi islahatların həyata keçirilməsinin dövlətimizin prioritet hədəflərindən olmasından, qısa zaman kəsiyində maliyyə sektorunda əldə edilən stabilliklə bağlı məmnunluğunu ifadə edib. O, həmçinin problemli kreditlərlə bağlı Fərmanın BMT tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Görüşdə MBNP-nin beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsindən, ümumilikdə 49 beynəlxalq təşkilat və maliyyə nəzarəti orqanları ilə məhsuldar əlaqələrin qurulmasından, qlobal maliyyə bazarlarında tətbiq olunan beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyasının palatanın əsas hədəflərindən biri olmasından danışılıb. Bununla əlaqədar, MBNP-nin BMT tərəfindən bir çox ölkələrdə həyata keçirilən maliyyə inklüzivliyi, maliyyə savadlılığının artırılması və maliyyə şəffaflığı layihələrindən yararlanmaqda maraqlı olduğu nəzərə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.