SİYASƏT
REFERENDUM AKTININ LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Paytaxtın Xətai rayonunda “Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Xətai rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev yığıncağı giriş sözü ilə açaraq, ölkəmizin Əsas Qanununa dəyişikliklərlə bağlı qarşıdakı ümumxalq səsverməsinin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə olacağını vurğuladı.
Milli Məclisin deputatları, YAP-ın icraçı katibinin müavini Mübariz Qurbanlı, ali qanunvericilik orqanının beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Səməd Seyidov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yığıncaqda çıxış etdilər.
Natiqlər Konstitusiyaya təklif olunan dəyişikliklərin ölkəmizin həyatının mövcud reallıqlarından irəli gəldiyini, referendum aktını qanunvericiliyin təkmilləşdirilməsi və demokratiyanın daha da inkişaf etdirilməsi, Azərbaycanın dünyaya inteqrasiyası yolunda yeni bir addım kimi səciyyələndirdilər, müxalifət nümayəndələrinin referendumla bağlı mövqeyinin tamamilə əsassız və qərəzli olduğunu bildirdilər. Onlar əmin olduqlarını vurğuladılar ki, xalqımız, o cümlədən Xətai rayonunun sakinləri referendumda fəal iştirak edəcək və Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyəcəkdir.