RƏSMİ XRONİKA
ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Anadan olmağınızın 80 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz bütün həyat və fəaliyyətinizlə ümumbəşəri dəyərləri tərənnüm edərək insanlar arasında qarşılıqlı anlaşma, dostluq və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışırsınız.
Müqəddəs Taxt-Taca rəhbərlik edərək insanları mərhəmət, şəfqət və ülfətə çağırışlarınızla, şəxsi nümunə və fədakarlığınızla bütün dünyada böyük rəğbət, hörmət və nüfuz qazanmışsınız.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 aprel 2007-ci il