ELM VƏ TƏHSİL
Ramiz Məmmədov: CİS üzrə təlimlər coğrafi bilik və təcrübə mübadiləsi baxımından önəmlidir
Bakı, 7 oktyabr, AZƏRTAC
Coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərin keçirilməsində məqsəd mütəxəssislər üçün faydalı informasiyanın əldə olunmasıdır. Çünki müasir dövrdə informasiyanın əldə olunması, emalı və istifadəçiyə çatdırılması metodları arasında CİS-in üstünlüyü danılmaz faktdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. Akademik bildirib ki, müxtəlif fəaliyyət sahələrində olduğu kimi yer elmləri sahəsində də CİS texnologiyalarının tətbiqi gündən-günə genişlənir. Coğrafi informasiya sistemlərinin yeni imkanların yaradılması, tətbiqi sahələrinin araşdırılması ilə əlaqədar dünyanın müxtəlif universitet və elmi mərkəzlərində tədqiqatlar aparılır. Bunları nəzərə alaraq deyə bilərik ki, CİS texnologiyaları ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi vacib məsələlərdəndir. Belə təlimlərin keçirilməsi coğrafi bilik və təcrübə mübadiləsinin artırılması, bu istiqamətdə davamlı elmi tədqiqatlar aparılmasında olduqca əhəmiyyətlidir.