İDMAN
“Red Bull” öz mühərriklərini istehsal edəcək
Bakı, 16 fevral, AZƏRTAC
Formula 1 komandaları arasında güc nisbətinin fərqli olmasının əsas səbəblərindən biri mühərriklə bağlıdır. Adətən aparıcı zavod komandaları öz mühərriklərindən istifadə etdiklərinə görə yüksək yerlər uğrunda mübarizə aparırlar. Digərləri isə bu mənada çətin vəziyyətdə qalır. Buna misal olaraq “Red Bull”un adını çəkmək olar. Artıq avstriyalılar vəziyyətdən çıxış yolunu da tapıblar.
AZƏRTAC xəbər verir ki, “Red Bull” 2022-ci ildən fərdi şəkildə öz mühərriklərini istehsal edəcək. Ancaq avstriyalılar bunu “Honda”nın texniki bazası əsasında həyata keçirəcəklər. “Red Bull”u belə bir addım atmağa məcbur edən də elə “Honda”nın gələn ildən Formula 1-dən gedişi olacaq.
“Honda” texnologiyalarından “Red Bull”un farm komandası olan “Alfa Tauri” də yararlanacaq. Ümumilikdə isə mühərrik istehsalı ilə “Red Bull Powertrains Limited” şirkəti məşğul olacaq. Motorlar isə bu komandanın Milton-Keynsdəki bazasında istehsal ediləcək.
Mətbuata açıqlama verən “Red Bull”un məsləhətçisi Helmut Marko “Honda”nın hibrid mühərriklərinə keçməyə hazırlaşdığını söyləyib. O, “Honda” ilə əməkdaşlığın uğura bərabər olduğunu bildirib. Məhz yeni mühərriklər sayəsində komanda rəhbərliyi rəqabətə davamlı olacaqlarına inanır.