CƏMİYYƏT
Regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri ilə görüş keçirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun (AZGF) icraçı direktoru Fərid Cəfərov və Fondun Müşahidə Şurasının üzvləri bölgələrdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə Mingəçevirdə görüş keçiriblər.
AZGF-dən AZƏRTAC-a bildiriblər ki, toplantıda Fondun gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və XI qrant müsabiqəsi barədə ətraflı məlumat verilib. Tədbirdə gənclər təşkilatlarının regionlarda fəaliyyəti, onların qarşılaşdığı problemlərin həlli yolları təhlil edilib, təkliflər dinlənilib.
Toplantının ikinci günündə gənclər təşkilatları üçün layihələrin yazılması, büdcə planlaşdırılması və səmərəli kommunikasiyalar mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar təşkil olunub.
Fondun icraçı direktoru Fərid Cəfərov gənclər təşkilatlarının təmsilçilərinin təkliflərini dinləyib, mövcud problemlərin həlli ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, Gənclər Fondunun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə müxtəlif tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə yardımını nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir. Fond gənclər təşkilatlarını və 18-29 yaşlı gəncləri 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə çağırır. Layihə təklifləri sentyabrın 23-dək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsilə qəbul olunur.