QAN YADDAŞI
Rəna Həmidova: Xocalılıların qanı yerdə qalmayacaq
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsini xalqımız heç zaman unutmamalıdır. Yüzlərlə günahsız insanın, o cümlədən körpə və qocaların qətlə yetirilməsi dünyada görünməmiş hadisədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edən Xocalı sakini Rəna Həmidova deyib.
Faciə zamanı öz yaxınlarını itirdiyini bildirən R.Həmidova qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri Xocalıya hücum edərək şəhəri yerlə yeksan ediblər.
Onların heç kimə aman vermədiyini söyləyən R.Həmidova bildirib ki, ermənilər tərəfindən min bir əzabla, işgəncə ilə öldürülən xocalılıların bir çoxunun qəbri yoxdur: “Dinc və silahsız əhalini amansızlıqla məhv edən ermənilər bununla həm də əsl simalarını büruzə verdilər. Bu, biz azərbaycanlılara qarşı soyqırımı idi. Ümid edirəm ki, xocalılıların qanı yerdə qalmayacaq”.