İQTİSADİYYAT
Rəqəmsal Ticarət Qovşağı BMT-nin İKT mükafatı namizədləri arasındadır
Bakı, 1 fevral, AZƏRTAC
BMT-nin Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) Azərbaycanın Rəqəmsal Ticarət Qovşağını mötəbər İKT mükafatı olan "WSIS 2018" namizədləri arasına daxil edib.
Azərbaycanın Rəqəmsal Ticarət Qovağı Beynəlxalq Telekommunikasiya Birliyinin (https://www.itu.int/net4/wsis/prizes/2018/) saytında, "İKT-nin biznesdə tətbiqi" bölməsində yer alan 38 nominant layihədən biridir.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli AZƏRTAC-a bildirib ki, ölkəmizin bu innovativ və rəqəmsal layihəsinin belə bir beynəlxalq müsabiqədə yer alması böyük nailiyyətdir.
"Bu, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından sayılan BMT-nin və onun tərkibindəki Beynəlxalq Telekommunikasiya Birliyinin Azərbaycanda innovativ iqtisadiyyat quruculuğuna verdiyi bir dəyərdir. İlkin mərhələdən keçən Rəqəmsal Ticarət Qovşağı, növbəti mərhələyə adlaya bilmək üçün yetəri qədər xal yığıb ilk 5 yerdən birini tutmalıdır. Səsvermə hazırda BTB-nin internet səhifəsində aktivdir və bütün istifadəçilər üçün açıqdır", - deyə N.Əsədli vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) BMT-nin informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış bir təşkilatıdır. Bu qurum tərəfindən hər il keçirilən WSIS Forumunda İKT sahəsində inkişafyönümlü layihələr həyata keçirən iştirakçılar arasından namizədlər seçilir və mükafatlandırılır. Namizədlərin seçimi zamanı İKT-nin gücünü inkişafda istifadə etmək əsas meyar olaraq nəzərə alınır. Burada fərdi şəxslərin, hökumətlərin, vətəndaş cəmiyyətinin, yerli, regional və beynəlxalq təşkilatların, elmi qurumların və özəl sektorun müxtəlif layihələrinə baxılır, qiymətləndirilir və ən çox səs toplayanlar mükafatlandırılır.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı 2017-сi il fevralın 22-də imzalanan "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı üzrə verilən göstərişlərə uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılıb.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.