İQTİSADİYYAT
Rəqəmsal ekosistemə dair müzakirələr aparılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun onlayn iclasında rəqəmsal ekosistem üzrə bir sıra məsələlər müzakirə edilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, Ekspert Qrupunun üzvləri “YAŞAT” Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirərək rəqəmsal ödənişlər sahəsində irəli sürülən təklifləri dəyərləndiriblər. İclasda “YAŞAT” ödəniş kartının emissiya şərtlərinə toxunularaq, fondun maddi dəstəyindən yararlanacaq vətəndaşlar tərəfindən bank seçiminin müstəqil qaydada həyata keçirilməsi zərurəti qeyd edilib bu məhsul üzrə təqdim ediləcək güzəştlər təhlil olunub.
İclasda, həmçinin Azərbaycan Mərkəzi Bankı ilə ödəniş sistemləri sahəsində hesabatlılığın təkmilləşdirilməsi istiqamətində görülən işlərə, Banklararası Kart Mərkəzi ödəniş sistemi üzrə hüquqi və prosedural münasibətlər üçün təkliflər paketinin hazırlanmasına toxunulub.