ELM VƏ TƏHSİL
Rəsədxananın əməkdaşı Rusiyada elmi ezamiyyətdə olub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin elmi işçisi Səbinə Məmmədova Rusiyada elmi ezamiyyətdə olub.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin məqsədi ŞAR və Rusiya Elmlər Akademiyası Xüsusi Astrofizika Rəsədxanası arasında elmi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində qonşu ölkə alimlərinin “Yüksək bucaq ayırdetməli astronomiya metodları” qrupunda müştərək elmi-tədqiqat işi aparmaq idi.
Ezamiyyət müddətində Səbinə Məmmədova müasir işıq qəbuledicilərində səma cisimlərinin rəqəmsal spektral və fotometrik müşahidə materialının Rusiya Elmlər Akademiyası Xüsusi Astrofizika Rəsədxanasında işlənmə metodikası ilə tanış olub.